Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

09.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Pekin, 9 oktyabr, AZƏRTAC

Malayziyada toz dumanı səbəbindən hava keyfiyyətinin pisləşməsi ilə əlaqədar məktəblərin bağlanması tədbirləri paytaxt Kuala-Lumpur və Putracaya inzibati zonası ilə yanaşı, bir sıra ştatları da əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, Malayziya Təhsil Nazirliyinin Hava Çirkliliyi İndeksi (API) göstəricisi 180-dən yüksək olan ərazilərdə məktəblər oktyabrın 9-dan etibarən bağlanıb. Ardıcıl 3 gün ərzində API göstəricisi 150-dən yüksək olan ərazilərdəki məktəblər isə oktyabrın 12-dən etibarən bağlanacaq.

Ölkənin hava keyfiyyəti təsnifatına görə API göstəricisinin 0-50 arası olması yaxşı, 51-100 arası orta, 101-200 arası sağlamlığa zərərli, 201-300 arası çox zərərli, 301 və daha yuxarı olması isə təhlükəli hesab edilir. Son məlumata əsasən, Malayziya yarımadasının əksər ərazilərində sağlamlığa zərərli göstəricilər qeydə alınıb, xüsusilə qərb sahilində yerləşən Selanqor, Cohor və Neqeri-Sembilan ştatları bu vəziyyətdən daha çox təsirlənib.

Havanın çirklənməsinin səbəbi olaraq qonşu İndoneziyadakı meşə yanğınları göstərilir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью