Malı mala qatanlar ölkəsi

23.09.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Xəbər oxuyuram: Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi iki nəfərdə 30 kiloqramdan çox narkotik maddə tutub və, təbii ki, bu iki nəfəri tutub.

Xəbərdə idarənin adındakı "baş" sözü diqqətimi cəlb etdi. Sual yarandı: neçə baş?..

Məncə, "baş" sözü "idarə" sözünün yanında olmalıdır, "narkotik" sözünün deyil. Eyni şey Baş Cinayət-Axtarış İdarəsinə də aiddir. Çünki baş prokuror olur, baş baytar olur, baş redaktor olur, baş həkim olur... Amma baş cinayət olmur. Hətta cinayətkar dəstəsinin başında durana da " baş cinayətkar" demirlər.

Nə isə. Məsələ bunda deyil. Mətləb başqadır.

Fikirləşirəm, görəsən, 30 kiloqram narkotikə görə həbs olunan o iki nəfər Azərbaycanlı malı mala qatmayıblar ki? Yadınızdadır, Sabirabadda bir nəfər gedib polisə: "Evimdən narkotikim oğurlanıb" deyə şikayat eləmişdi. Çünki bu məmləkətdə nə desən baş verir: ala qarğanın repreduktiv problemləri var.

Odur ki, 30 kiloqram narkotik xəbərini oxuyanda ağlıma gəldi: bəlkə bu iki "qoçaq" narkotikə nəsə qarışdırıbmış! Axı bizlərdə adətdir: nəsə bir şey satırsansa, ona nəsə başqa bir şey qatmalısan. Məsələn, Azəriqaz bizə qaz satır, amma içinə hava qatır. Benzinə, eşitdiyimə görə, benzol qatırlar, ya da ona da hava vururlar. İnəyin yağına işlənmiş maşın yağı qatanlar belə var. Ən insaflısı marqarin vurur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə gəlincə, suya heç nə qatmır, sadəcə, bizə lazım olmayan qatqılardan təmizləməmiş verir.

Təkcə bunlar deyil. Televizoru açırsan, görürsən, biri ədəbiyyatdan, ya da musiqidən danışır, araya qatıb "dəmir yumruq" haqqında da bir ağız deyir. Fikirləşirsən ki, nə əlaqə?! Elə adi adamların məişətinə baxaq: sözləri çəp gələn kimi bir-birinin ölüsü qalmır, dirisi qalmır, söyüb tökürlər çölə. Yəni heç dəxli olmayan adamları qatırlar söhbətə.

Odur ki, Azərbaycan neftinə rus neftini qarışdırıb satan adamın tutulduğunu eşidəndə heç təəccüblənmədim. Təbii ki, təəssüflənmədim. Onsuz da türmələrdə günahsız adam əlindən tərpənmək olmur, arada bir günahkarı da tutmaqları az da olsa, təsəllidir.

Deyirəm, Avropalıya satılan neftin içinə başqa bir şey qatanlar, özümüzə satdıqlarına nələr qatmaz!

Özümüzə yazığım gəldi...

Seyid Əhmədli, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью