Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02.02.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son illər vətəndaşların müxtəlif məhsulları əldə etmək üçün bir sıra xarici şirkətlərə onlayn müraciətlərinin sayı getdikcə artıb. 

Həmin xarici şirkətlər arasında xüsusilə də “Trendyol” və “Temu” üstünlük təşkil edir. Hazırda ölkədə “Trendyol”un nümayəndəliyi fəaliyyət göstərsə də, “Temu” platformasının Azərbaycanda rəsmi ofisi və ya xüsusi fiziki nümayəndəliyi mövcud deyil. 

“Temu” sifarişləri birbaşa beynəlxalq anbarlardan göndərilir və müştəri dəstəyi yalnız onlayn formada (sayt və ya mobil tətbiq üzərindən) həyata keçirilir. Məhsullar karqo şirkətləri vasitəsilə çatdırılır. 

Qeyd edək ki, son günlər ölkədə “Temu” sifarişlərinin idxalı ilə bağlı problemlər müşahidə edilir. Dövlət Gömrük Komitəsi bu istiqamətdə mövcud vəziyyətlə bağlı açqılamasında bildirib ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən poçt daşıyıcıları vasitəsilə sifariş edilən yüklər də gömrük orqanlarına bəyan edilməlidir: 

“Son dövrlərdə edilən elektron sifarişlərin sayının kəskin artmasına paralel olaraq, bir sıra hallarda düzgün və dəqiq bəyan edilməyən və ya bəyan edilməyən bağlamaların həcminin artdığı müşahidə olunur. Gömrük orqanları tərəfindən mövcud vəziyyətin tənzimlənməsi və baş verən uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər aparılır. 

Bu da öz növbəsində bəzi hallarda düzgün və vaxtında bəyan edilən bağlamaların buraxılış prosesinə təsir göstərir. Sifarişlərin daşınmasını və çatdırılmasını həyata keçirən daşıyıcı operatorlarla qeyd olunan hallar dəqiqləşdirilir və bu növ hallara yol verilməməsi tövsiyə olunur. 

Sifariş edən şəxslərdən yaranan halların nəzərə alınması və müvəqqəti xarakter daşıdığının diqqətə alınması xahiş olunur”. 

Vətəndaşların sifarişlərini əldə edə bilməməsi müxtəlif amillərlə izah edirlir. Bəs əslində “Temu” məhsulları niyə gecikir və gömrükdən buraxılmaması hansı səbəblərlə bağlıdır?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, Dövlət Gömrük Komitəsi bununla bağlı gömrük prosedurlarının dəyişmədiyini, əvvəlki qaydada davam etdiyini bildirib: 

“Ancaq göndərilən bir sıra bağlamalar yoxlama prosesindən keçib, gömrükdə qalma müddəti uzanıb. Qeyd ediblər ki, bu xüsusilə də “Temu”dan gətirilən paketlərlə bağlıdır. Səbəbi məlum deyil. 

Xaricdən sifarişlər olarkən bəzən gömrük rüsumları, vergi və bir sıra başqa ödənişlər tələb oluna bilər ki, hazırda bu da yoxdur. Eyni zamanda, gömrükdə bəzən yoxlamalar aparılır ki, bu da zaman aparır. 

Əsas məqam ondan ibarətdir ki, “Temu”nun Azərbaycanda nümayəndəliyi yoxdur. Belə bir nümayəndəliyin olmaması da nəticə etibarilə son illər Azərbaycanda daha çox ticarət üçün vətəndaşların üz tutduğu bu platformada kütləvi sifarişlər yaradıb. Logistikada, dövlət keçid məntəqələrində idxalçılar fərdiləşir. 

Ona görə də individual yanaşma tələb olunur. Gömrük bəyannamələrinin verilməsində, məhsulların Azərbaycana daxil olmasında hər bəyannaməni bir nəfər verir. Yaxud da Azərbaycanda “Temu”nun nümayəndəliyi olarsa, həmin nümayədəliklə gömrük orqanları arasında razılaşmaya əsasən mexaniki və texniki məsələləri həll edilərsə, bu zaman indivudallıq ortadan qalxır və kompleks gömrük yanaşması formalaşır”. 

““Temu” Azərbaycanda niyə nümayəndəlik açmır?” sualına gəldikdə isə ekspertin bununla vergidən yayınmanın mümkünlüyünü bildirib: 

“Nümayəndəlik açılarsa, müvafiq olaraq Azərbaycan qanunvericiliyi ilə vergi ödəmək laızmdır. 

Dünyanın xüsusilə də böyük bazarlar olan ölkəsində bu tələblər irəli sürülüb. Məsələn, Türkiyədə istər sosial şəbəkə, istər elektron ticarət platformaları olsun, belə tələb var. Əgər həmin şirkət ölkədə nümayəndəliyini yaratmayacaqsa, fəaliyyətinə icazə verilmir. 

Azərbaycan bazarı böyük olmadığına görə nə “Temu”, nə digər platformalar - “Facebook”, “YouTube”, “Tik Tok” qarşısında bu tələbləri irəli sürə bilmir. “Temu”nun da Azərbaycanda nümayəndəliyinin olmaması nəticə etibarilə problemlər yaradır. Məsələn,  “Trendyol”un səhmdarları içərisində Azərbaycan şirkətləri və holdinqləri də var. 

Bir neçə il öncə həmin paylar Azərbaycan tərəfindən alınıb, bir sıra karqo şirkətlərin səhmləri birləşdirilib və “Trendyol”da pay sahibidir. Burada iqtisadi maraqlar da rol oynayır. Yəni “Temu”nun Azərbaycan bazarına daxil olması üçün süni əngəl kimi də gömrük problemlərini qeyd edə bilərik. 

“Trendyol”un Azərbaycan bazarında daha rahat iştirak edə bilməsi üçün “Temu”ya süni əngəllər yaradılır. “Trendyol Azərbaycan” var və gəlirlərinin aşağı düşməməsi üçün bunu normal hesab edirəm. Dövlət öz daxili investorlarının maraqlarını qorumalıdır və bu ilk növbədə gömrükdən başlayır.

Ya “Temu” Azərbaycanda nümayəndəlik açmalıdır, ya da sıxışdırılıb bazardan çıxarılmalıdır. Əslində mən bunu təqdir edirəm. Yerli investorların marağını qorumaq üçün yaxşı haldır. Burada vətəndaşların mənafeyi müəyyən qədər pozula bilər. Ancaq dövlərin mənafeyi vətəndaşın mənafeyindən daha vacibdir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: “Temu” Razi Abbasbəyli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью