Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Çin arasındakı tarif müharibəsi malların miqyaslı şəkildə yenidən paylanması prosesinə təkan verib və bu, üçüncü ölkələrin bazarlarına da təsir göstərib. Bu barədə ABŞ Milli İqtisadi Tədqiqatlar Burosunun (NBER) dərc etdiyi icmalda bildirilir. ABŞ bazarından çıxan Çin məhsulları ilə rəqabət səbəbindən, əsasən kiçik dövlətlərin ixracı 2–3%, yerli istehsalçıların satışları isə 3%-dən çox azala bilər.
ABŞ və Çin arasında ticarət müharibəsinin yeni mərhələsi yalnız bu iki ölkənin bazarları ilə məhdudlaşmayıb və digər iqtisadiyyatlara da təsir edən "kənar fəsadlar" yaradıb. NBER analitikləri "ABŞ və Çin arasında ticarət müharibəsi və onun fəsadları" adlı tədqiqatda bu qənaətə gəliblər. Onlar qeyd edirlər ki, "dünya ticarətinin fərqləndirici xüsusiyyəti ticarət əlaqələrindən birbaşa imtina edilməsi deyil, ölkələr arasında malların 'böyük yenidən paylanması' olub" - nəticədə "kimin kiminlə, nə ilə və hansı şərtlərlə ticarət etməsində dərin yerdəyişmə" baş verir.
Tarif tədbirləri, ABŞ Prezidenti Donald Trampın gözlədiyi kimi, Çinlə ticarət kəsirini azaltmağa həqiqətən kömək edib: Trampın hakimiyyətə gəldiyi 2025-ci ilin yanvarında Çinlə ticarət balansının mənfəət saldosu (kəsiri) 31,9 milyard dollar təşkil edirdisə, 2026-cı ilin iyulunda (son əlçatan məlumatlar) bu göstərici mənfi 17,4 milyard dollara enib.
Kəsiri, əsasən, Çin idxalını Meksika və Kanadadan gələn məhsullarla əvəzləmək hesabına azaltmaq mümkün olub.
Bununla belə, Meksika ilə ticarət kəsiri nəzərəçarpan dərəcədə artıb: iyul ayında mənfi saldo 26 milyard dolları keçib, halbuki, 2025-ci ilin yanvarında bu rəqəm mənfi 13,6 milyard dollar idi. Nəticədə, bu ilin iyul ayında Çinin ABŞ idxalındakı payı 8,1%-ə düşüb, halbu ki, ticarət müharibəsi başlamazdan əvvəl bu göstərici 20%-dən yuxarı idi.
Çin istehsalçıları ABŞ bazarının bir hissəsini itirdikdən sonra tədarükü üçüncü ölkələrə yönəltməyə başlayıblar. Analitiklər qeyd ediblər: "Çinin ümumi ixracının nəhəng həcmini (2025-ci ildə 3,77 trilyon dollar) nəzərə alsaq, ABŞ bazarından yönləndirilən Çin mallarının həcmi Çili, Portuqaliya və ya Yunanıstan kimi yüksək gəlirli bəzi ölkələrin ÜDM-i ilə müqayisə oluna bilər".
Çindən gələn bu əlavə ucuz məhsul axını həmin ölkələrin bazarlarında rəqabəti kəskinləşdirib. Tədqiqat müəllifləri Çinin yenidən paylanan mallarının axınına qarşı hansı ölkələrin istehsalçılarının daha həssas olduğunu qiymətləndiriblər. Bunun üçün onlar İxrac Rəqabətliliyi İndeksini (Export Competition Index) hesablayıblar. Bu indeks Çindən gələn hansı mal qruplarının rüsumlardan daha çox təsirləndiyini, məhsulların hansı miqyasda üçüncü ölkələrə yönəldilməyə başladığını, Çinin müvafiq xarici bazarlarda hansı paya sahib olduğunu və bu malların digər ölkələrin ixracı üçün nə dərəcədə vacib olduğunu nəzərə alır.
İndeks Çin tərəfindən rəqabətin güclənməsi səbəbindən ölkələrin ixracının ehtimal olunan azalmasını əks etdirir. Məlum olub ki, indeksin əsasən ən yüksək göstəricisi nisbətən kiçik və ixtisaslaşmış iqtisadiyyatlardadır: Ermənistanın ixracı 2,46%, Qırğızıstanın 2,31%, Vyetnamın isə 2,26% azala bilər.
Çin tədarükünün yenidən paylanması üçüncü ölkələrin yalnız ixrac gəlirlərinə deyil, həm də onların daxili bazarlarına təsir edir. Çindən daha aşağı dəyərli malların axını səbəbindən yerli şirkətlər satışlarının bir hissəsini itirə bilərlər. Analitiklərin hesablamalarına görə, milli istehsalçıların satışları ən çox Vyetnamda (mənfi 3,44%), Kambocada (3,03%), Pakistanda (2,33%), Madaqaskarda (2,16%) və Yaponiyada (1,62%) azala bilər.
Eyni zamanda, ucuz Çin mallarının axını ölkələrdə ümumi idxal qiymətlərinin aşağı düşməsinə şərait yaradır. Tədqiqat müəllifləri hazırladıqları İstehlakçı Qazancı İndeksi (Consumer Gains Index) əsasında idxal səbətinin nə dərəcədə ucuzlaşdığını qiymətləndiriblər - bu indeks Çinin ayrı-ayrı malların tədarükündəki payını və onların ölkənin ümumi idxalındakı çəkisini nəzərə alır. Ümumi idxal qiymətlərinin ən nəzərəçarpan potensial azalması Qırğızıstanda (1,57%), Rusiyada (1,2%), Paraqvayda (1,09%), Venesuelada (1,04%) və BƏƏ-də (0,92%) müəyyən edilib. Müəlliflər izah edirlər ki, indeks real istehlak qiymətlərinin dəyişməsini deyil, sabit ötürmə və paylama marjası şəraitində idxal qiymətlərinin təxmini faiz azalmasını əks etdirir.
Hazırladı:
S.ELAY
XQ