Icma.az, 525.az portalına istinadən məlumat verir.
Vilayət QULİYEV
(Əvvəli ötən sayımızda)
Həm də Əhməd bəy yalnız məsləhət verməklə kifayətlənmirdi. Hətta ən çətin şəraitdə də şəxsi nümunə göstərməyi bacarırdı. O, Malta sürgünündə yeganə azərbaycanlı deyildi. Xanımına və bacısına yazdığı 19 noyabr 1919-cu il tarixli məktubda "burada Qarsdan gətirilmiş bizim kimi səkkiz əsir var. San-Salvadorda qalırlar. Zavallıların halı çox pərişan imiş, çox ehtiyac və yoxsulluq çəkirlər" -deyə ailə üzvlərindən bu barədə Osmanlı Hilali-Əhmər (Qırmızı Aypara) Cəmiyyətinə və İstanbuldakı imkanlı qafqazlılara xəbər verməyi, bütün mümkün yollarla müəyyən yardım göstərilməsinə çalışmalalarını xahiş edirdi.
Adları çəkilən həmin "səkkiz əsir" azərbaycanlı əhalinin erməni zülmündən qorumaq üçün 1919-cu il yanvarın 1-də İbrahim bəy Cahangir oğlunun rəhbərliyi ilə qurulan, eyni ilin 13 aprelində isə ingilislər tərəfindən devrilən Cənub-Qərbi Qafqaz hökumətinin üzvləri idi. Yalnız Əhməd bəyin səyi və əlaqələri nəticəsində bu adamlara müəyyən yardım göstərmək mümkün olmuşdu. Maltada özü, İstanbulda isə xanımı və övladı çətinliklərlə üz-üzə qalmasına baxmayaraq, Ağaoğlu ailəsi burada da öz nəciblik və əsalətini göstərmişdi. Əhməd bəyin yüksək insani keyfiyyətlərinin başqa bir dəlili bir çox məktublarında yaxınları və doğmaları ilə bir sırada evində çalışan yunan əsilli xidmətçi Katina və tatar Hasanın əhvalı ilə maraqlanması, həmişə onlara salam-dua göndərməsi sayıla bilər.
Sürgünlülərin Malta adasından göndərdikləri məktublar təbii ki, bəlli senzuradan keçirdi. Bundan başqa, hər kəsin içində yaxın və doğmalarını təhlükə altında qoymamaq düşüncəsindən irəli gələn daxili bir senzura da vardı. Ona görə də ingilislərin yaratdıqları nisbi azadlıqlara baxmayaraq, hər şeydən yazmaq məqbul deyildi. Amma bununla belə, Əhməd bəyin məktublarında sətirlər arası olsa da, vətənin gələcəyi, vətəndaşlarını yadelli ağaların mərhəmətinə təslim etmiş sultan hakimiyyətinin qorxaqlığı Anadoluda başlanan Qurtuluş Savaşının millətə bir nicat qapısı açacağı ilə əlaqədar fikir və düşüncələr özünə yer tapmışdı.
lll
"Maltada əsirlərə tətbiq olunan iztirablı bir oyun vardı: Vətəndən gələn məktubları ünvan sahiblərinə çox gec verir, ya da yerli-dibli vermir, cırıb atırdılar, - deyə Səməd Ağaoğlu "Atam" adlı xatirələrində yazırdı. - Bu səbəb üzündən də bəzən aylarla bir-birimizdən xəbər tuta bilmir, müxtəlif ehtimallar və bitib-tükənmək bilməyən əndişələr içərisində qalırdıq. Atam əsirlərə rəva görülən zülmlər arasında ən çox bu məktub məsələsindən mütəəssir olurdu".
Bunu Əhməd bəyin ailə üzvlərinin hamısına müraciətlə yazdığı aşağıdakı sətirlər də sübut etməkdədir: "Yenə iki həftədir ki, sizdən bir məktub almadım. Aydın məsələdir ki, siz yazırsınız, mən ala bilmirəm. Yəni adicə məktublaşmanı da bizə çox görürlər. Zərər yox! Haqsızlıq üstündən edilən haqsızlıqlar haqqa daha tez çatmağa yardım edir. Əlbəttə, bir gün gələr, zalımlar belə zülmlərdən usanarlar".
Yaxud 27 may 1920-ci il tarixli məktubunda deyilirdi: "4 may məktubundan sonra sizdən heç bir xəbər ala bilmədim. Bu gün poçt gəldi. Hər kəs ora qaçdı. Amma heyhat, məyus qalanlar arasında mən də vardım. Heç şübhə etmirəm ki, siz hər poçt ilə mənə məktub göndərirsiniz. Fəqət nə etməli? Məktubu belə bizə çox görürlər!"
Əhməd bəyin övladları ilə uzaq Maltadan yazışması canlı söhbəti, səmimi həsbi-halı xatırladırdı. Bu məktublar həm də onun mahir bir psixoloq, usta bir müəllim olduğunu göstərirdi. Övladları ilə qiyabi söhbətində o, hazır qəliblərdən, şablon ifadələrdən, qulağı deşən öyüd-nəsihətlərdən qaçmağa, fikirlərini sadə, aydın, ən başlıcası isə inandırıcı şəkildə, həyati misallarla çatdırmağa çalışırdı. Bundan ötəri bəzən müəyyən süjet qurmağı, təxəyyülün köməyi ilə mifik personaj və obrazlar yaratmağı, bir məktubdan digərinə keçirərək müəyyən həqiqətləri onların dili ilə anlatmağı sevirdi.
Bu məktublar hər sözündə, hər sətrində ata istəyi və məsuliyyəti bəyan olunan həyəcanlandırıcı sənədlər idi. Əhməd bəy sürgünə yollananda ən böyüyü 16 yaşında olan qızları və oğulları ilə türkün azadlıq mübarizəsindən tutmuş yaxşı gündə özünü dost adlandıranların, yaman gündə isə ortadan yox olanların vəfasızlığına, etibarsızlığına qədər hər şeydən danışır, başa düşülməyəcəyindən əsla qorxmadan (çünki öz məktəbini keçmişdilər!) onlara ali, bəşəri həqiqətləri çatdırmağa çalışırdı.
Ən başlıcası isə hisslərini, həyəcanlarını, bəzən içini saran narahatlıq (şəxsi və ictimai planda) və qorxunu, bəzən müvəqqəti xarakterli ruh düşkünlüyünü də övladlarından gizlətmirdi. Oğul və qızları ailə ocağından uzaq düşmüş atalarının onları nə qədər sevdiyini ehtiraslı, həyəcanlı sözlərin arxasından görə bilirdilər. Məsələn, bir neçə sətrini verdiyim məktubda olduğu kimi: "Gözlərimin nuru, qızlarım və oğullarım! Şiddətlə, ruhumun bütün atəşi ilə intizarında olduğum məktublarınızı aldım. Çoxdan bəri görməkdən məhrum olduğum o sevimli yazılarınızı təkrar-təkrar oxudum. Sevindim, məmnun oldum, təsəlli tapdım. Son bir ay yarımı böyük, çox böyük bir ehtiyac içərisində keçirdiyim üçün sevincim və şadlığım da eyni dərəcədə böyük oldu. Çoxdan bəri görməkdən məhrum olduğum o sevimli yazılarınızı təkrar-təkrar oxudum".
Bəzən isə o, yuxarıda da qeyd etdiyim kimi, fikirlərini, toxunmaq istədiyi mətləbləri müəyyən obrazların köməyi ilə açıqlamağa üstünlük verirdi. Əhməd bəy sürgün həyatının acılarını azacıq da olsa unutmaq üçün kiçik bir bülbül - kanarya almışdı. Bu barədə ənənəvi ünvanlı "Gözlərimin nuru, qızlarım və oğulların" ünvanlı növbəti məktubunda xəbər verərək yazırdı: "Sizə bir xəbər verim - atanız bir kanarya almışdır. Gültəkin qədər (ailənin son beşiyi, o zaman yaş yarımlıq olan qızı, sonralar məşhur həkim kimi tanınan Gültəkin Ağaoğlu nəzərdə tutulur - V.Q.) oynaq və şeytandır. Gündüzlər qəfəsini pəncərənin önünə qoyuram, axşamlar otağa gətirirəm. Bir görəydiniz necə gözəl və şuxdur. İki barmağımın arasında tutduğum bir tikə qəndi görər-görməz çırpınır, özünü ora-bura vurur, qanadlarını sallayır və şəkər istəyir. Yeyəndən sonra isə elə gözəl oxumağa başlayır ki..."
Sonrakı məktublarda bu sevimli kanarya xəbər daşıyana, poçtalyona, görücüyə çevrilmişdi. O, sehrli tərzdə məhbusa min kilometrlərlə uzaqda, evində baş verən hadisələr - uşaqların dərslərini necə oxumaları, özlərini necə aparmaları, anaları və bir-birləri ilə rəftarları, dəcəllikləri haqda xəbərlər çatdırırdı. Məsələn, Əhməd bəy məktublarından birində oğlu Səmədin dəcəlliklərini kanaryanın vasitəçiliyi ilə aşağıdakı şəkildə dilə gətirirdi:
"Bəzən quşdan soruşuram: bəs indi uşaqlarım nə iş görür? Gülür, əvvəl cavab vermək istəmir. Sonra "Əfəndim, sizin uşaqlarınız çox yaramazdırlar, - deyir. - Heç bilirsinizmi, Səmədin bağırtıları Şahzadəbaşına (İstanbulun əski məhəlləsi, Ağaoğlu ailəsinin yaşadığı Molla Gurani məhəlləsinin qonşuluğunda yerləşirdi - V.Q.) qədər gedib çıxır".
Yaxınlarından və doğmalarından uzun müddət xəbər ala bilmədiyi, təşviş və narahatlıq keçirdiyi günlərdə bülbül Əhməd bəyə təsəlli verir, onu əmin-arxayın olmağa, ruhdan düşməməyə çağırır:
"Zatən gözəl quşcuğazım məni məhzun görərək daim təsəlli verir, qızlarımın və oğullarımın həmişə məni düşündükləri, məktub yazdıqlarını söyləyirdi. Lakin buna bir türlü inana bilmirdim. Nəhayət, məktublarınızın gəlib çıxdığını eşidincə və sevincimi görüncə, quşcuğaz elə qəhqəhələr çəkdi, əvvəlki söhbətlərimə o qədər güldü ki, özüm də pərt oldum". Kanarya bəzən Əhməd bəyin istək və nəsihətlərini övladlarına çatdırır, onları çətinliklər önündə qorxub-çəkilməməyə, dözüm və səbat göstərməyə, heç vaxt ruhdan düşməməyə çağırırdı: "Səbirli və dözümlü olun. Unutmayın ki, ötüb keçən 1919-cu il atanız və məmləkətiniz üçün ən fəlakətli il oldu. Mənim kimi, siz də dua edin ki, yeni gələn 1920-ci il daha xoş və məsud olsun. Amma tək dua ilə kifayətlənməyin. Eyni zamanda çoxluca çalışın. Çünki yalnız çalışmaq yolu ilə bu fəlakətlərin nəticələri aradan qaldırıla bilər".
Əslində Əhməd bəyin özünün başqa bir canlıya köçürülmüş obrazı, yaxud sözçüsü, təmsilçisi olan kanarya bəzən də həyat təcrübəsindən çıxış edərək uşaqlara məsləhətlər verirdi. Azadlığını müvəqqəti itirsə də, heç zaman ləyaqətini, mübarizə əzmini qeyb etmədiyini xatırladırdı. Onları daim biri-birini sevməyə, zəhmətə alışmağa, hər qaranlığın sonunda mütləq bir işığın olacağına inanmağa çağırırdı: "Baxın, mən burada atanızı əyləndirmək üçün nə qədər çalışıram! Siz də mənə oxşamağa səy edin. Xüsusilə də özünüzü həyatın müxtəlif gərdişləri qarşısında səbir və təhəmmül göstərməyə alışdırın. İnsanlar xoş səsim, gözəl rəngim olduğu üçün məni aldılar, əsir etdilər. Məni vətənimdən, ailəmdən, azadlığımdan ayırdılar. Lakin bunlar məni ruhdan salmadı. Həyatımı mümkün qədər yenə tərtib etməyə, nizama salmağa, yaxşılaşdırmağa çalışdım və buna müvəffəq oldum. Siz də elə edin. Atanızın yeganə xahişi hər zaman ananızı, qardaş-bacılarınızı, dostlarınızı, müəllimlərinizi məmnun etmək vəzifəsinin öhdəsindən gəlməyinizdən, əxlaqınızın hər zaman mətin və yerində olmasından ibarətdir".
Sonralar hər biri yaşadıqları ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm yer tutacaq övladları Əhməd Ağaoğlu üçün həqiqi qürur mənbəyi idi. Onların uğurları sürgün həyatının ağrı-acılarını unutmağa kömək edirdi. Atası sürgünə göndərildiyi gün gəmiyə yaxınlaşmağa çalışan qayıqda ayağa qalxaraq var səs ilə "Yaşasın ittihadçılar!" - deyə bağıran Əbdürrəhmanın bir məktubundan bəhs edən Əhməd bəy yazırdı: "Hələ Əbdürrəhmanın məktubu "dəhşətdir!" Bütün arkadaşlar birər-birər oxudular. Hamısı alqışladılar, hamısı ayrıca ona və bacı-qardaşlarına bol-bol salam göndərdilər. Uşağın yazısı da özü kimidir. Arkadaşlar bəyəndikcə, təbii ki, mən müftəxir olurdum" (fəxr edirdim).
Türkiyənin ilk qadın hüquqşünası kimi tarixə düşən qızı Sürəyyanın aldığı ilk maaşdan Maltaya göndərilən şirinlik də bir valideyn kimi Əhməd bəydə eyni qürur və məmnunluq hissləri doğurmuşdu. "Sürəyyanın ilk qazancından şəkər yemək bilsən mənə nə qədər dadlı gəldi! - deyə sürgündən geri dönmək ərəfəsində Sitarə xanıma yazırdı. - Şəkəri aldığım zaman ömrümün ən bəxtiyar dəqiqəsi idi. Övladımızın belə ciddi, mətin və məsaipərvər (çalışqan) olması əlbəttə ki, səni də məmnun və bəxtiyar etməlidir. Allah cümləsini müvəffəq eləsin!"
Lakin bu sevinc dolu dəqiqələr çox az olurdu. Sürgündə Əhməd bəyin dərdinin üstünə dərd gətirən, yuxusunu ərşə çəkən başsız qalmış ailəsinin üzləşdiyi məhrumiyyətlər idi. Çətinlikləri ondan gizlətməyə çalışsalar da, ən kiçik eyhamdan, işarədən üzülür, günlərlə özünə yer tapa bilmirdi. "Məktublarınızı aldım və elə bil qəlbimdən vuruldum, - deyə 1920-ci ilin dekabrında xanımına yazırdı - Demək ki, siz indi ac, biəlac, kimsəsiz qaldınız! Sizin bu halınız məni gecə-gündüz müztərib edir, qıvrınır, dağlanıram. Amma nə edə bilərəm? Elə bir fəlakətə düşdüm ki, əlacı Allahdan başqa kimsənin əlində deyil. Fəqət zənn etməyin ki, özümü düşünürəm. Məni daim düşündürən sizin halınızdır. Və bu məktuba cavab alana, sizin bir əlac bulmuş olduğunuzu öyrənənə qədər məndə can qalmayacaqdır!"
Belə anlarda təbiət etibarı ilə tündməzac olan, hər şeyin yolunda getdiyi xoş, məsud zamanlarda da xanımına iztirablı dəqiqələr yaşatmış Əhməd bəy keçmiş əməlləri üçün xəcalət və peşmançılıq çəkir, "Zavallı Sitarə! Sən nələr çəkdin mənim üzümdən! Allah mənə sənin yanında bu xəcalətimdən çıxmaq üçün imkan verəcəkmi?" - deyə öz-özünü sorğu-suala tuturdu. Ardınca da hər ikisini birləşdirən ən böyük dəyəri - övladlarını yada salaraq nə qədər çətin olsa da, gələcək üçün hər şeyə sinə gərməyə, onların yaxşı təhsil alması və gələcək həyata hazırlanmaları üçün heç nəyi satıb-sovmaqdan, qurban verməkdən çəkinməməyə çağırırdı: "Sitarə can! Rica edirəm, heç bir şeyə qızırğılanma. Əlində nə var, nə yox hamısını sat! Şübhəm yoxdur ki, bəzilərini artıq satmısınız. Qalanlarını da satın. Nə sənin, nə də cocuqların möhtac vəziyyətdə qalmalarına əsla təhəmmül edə bilmərəm!"
Lakin istər ailəsinin, istərsə də özünün çəkdiyi bütün zillətlərə baxmayaraq, ingilislər Malta adasında saxladıqları əksər məhbuslar kimi, Əhməd Ağaoğlunun da iradəsini qıra bilməmişdilər. Onu öz mübarizə və ideallarından çəkindirmək mümkün olmamışdı. Əksinə, üzləşdiyi haqsızlıqlar, müstəmləkəçilərə qarşı sinəsində tüğyan edən qəzəb və nifrət nəyin bahasına olursa-olsun onlara qarşı vuruşmaq ehtirasını daha da alovlandırmışdı. Aralıq dənizi sularının əhatəsində arasında qalsa da, qəlbən Anadoluda, istiqlal savaşçılarının sırasında idi. Prosesləri uzaqdan-uzağa da olsa, diqqətlə izləyirdi. Türk insanının yenilməzliyinə, türk ruhunun qələbəsinə inanırdı. Hələ Türkiyə Cümhuriyyətinin elan edilmədiyi, Atatürk islahatlarının başlanmadığı bir dövrdə türklərin şərqi və qərbi yeni nəfəslə, yeni ruhla zənginləşdirəcəklərindən əminlik hissi ilə söz açırdı.
Bunu 1921-ci il məktublarının birindəki aşağıdakı sətirlər də sübut edir: "Bura gəlib çıxan Avropa qəzetləri hər gün daha yaxşı və təsəlli verici xəbərlər gətirərək bizə əsarətin iztirablarını unutdurur. Millətimizin hümməti ilə məmləkətimizin xilas olacağı ümidi qəlbimizə yeni sevinclər verir. Anadolunun əzm və səbatı artıq təsirini göstərməyə başladı. Mədəni adlandırılan millətlər zülm və istibdad önündə yuxulu vəziyyətdə qalarkən işıq Şərqdən gəlir. Çürümüş, həya və abırdan məhrum millətlərin ölü qəlblərinə bu dəfə türklər yeni ruh bəxş edəcəklər".
Həmin qələbənin naminə o hər şeyi - özünə qarşı haqsızlıqları, ailəsinin üzləşdiyi məhrumiyyətləri, seçkin türk insanları ilə birlikdə zindanlarda və ingilis əsirliyində iztirab çəkmələrini unuda bilərdi. Bütün bunlar Əhməd bəyin nəzərində məmləkətin xilası ilə müqayisədə heç bir şey idi. O, ailə üzvlərini də dözümlü olmağa, qələbənin yaxınlığı fikrinə inanmağa çağırırdı. Bütün dualarını məmləkətin və millətin xilasına yönəltməyi məsləhət görürdü: "Mən bu məktubu sizə yazarkən Süleyman Nazif, Əhməd Emin, Vəlid, Cəlal bəylərlə Esat və Mahmud paşalar bağçada gəzişirlər. Vasif bəy ilə (Qara Vasif bəy) Rauf bəy isə yanımda dururlar. Belə olacağı kimi ağlına gələrdi? Lakin bütün bunlar müvəqqəti və keçicidir. Əsl iş məmləkətin və millətin xilası olmalıdır. Siz buna inanın. Bunun üçün dualar edin. Türklər bu cür şeylərə tab gətirirlər. Millətimizin yaşaması isə iradeyi-ilahidir".
Həyatının məsud anlarında insan bəlkə də tarixi vətəni, doğulduğu, üzərində ilk addımlarını atdığı torpaq haqqında o qədər də düşünmür. Güzəranı xoş olanda yaşadığı yeri özünə vətən sayır. Çətin anlar isə mütləq keçmişlə, tarixi vətənlə bağlı acılı-şirinli xatirələri ortaya qoyur. Əhməd bəy də Maltada bu sindromdan xilas ola bilməmişdi. Azərbaycan adı və mövzusu məktublarından qırmızı xətt kimi keçirdi.
Əhməd bəy İstanbulda dil açıb böyüyən övladlarına məktubunda spesifik Azərbaycan kəlməsi işlədib mənasını açıqlayır, bəzən Azərbaycan mətbəxinin ləziz yeməklərini xatırlayırdı. Xanımına yazırdı ki, əgər ingilislər onu Osmanlıda görmək istəmirlərsə, o zaman tarixi vətəni Azərbaycana qayıtmağa və həmişəlik orada yaşamağa hazırdır. Bəzən isə incik şəkildə Maltada "Azərbaycana görə məşəqqətli sürgün həyatı" yaşaması ilə bağlı şikayətlənirdi. Amma istənilən halda böyük tarixi hadisələrin yaşandığı, Mirzə Cəlil demişkən, "dünyaların titrədiyi, aləmlərin mayallaq aşdığı" bir dövrdə vətəninin taleyi ilə bağlı narahatlıq onu tərk etmirdi. Qurucuları sırasında yer aldığı, Parlamentində təmsil olunduğu Cümhuriyyətin süqutu bu əndişələri daha da artırmışdı.
Haşiyə: Əhməd bəy bir məktubunda təəccüb hissi ilə Maltanın yadına Abşeronu, xüsusən də Mərdəkanı saldığını yazmışdı. 2012-ci ildə bir neçə günlüyə bu tarixi adada oldum. Vaxtı ilə türk sürgünlülərin saxlandıqları San-Salvadora, Poluveristaya baş çəkdim. Bu yerlərə Əhməd Ağaoğlunun 90 il əvvəl baxdığı nəzərlərlə baxmağa çalışdım. Maltanın ucqarlarında həqiqətən də tipik Bakı-Abşeron landşaftı və memarlığı gördüm...
Adanın bəzi yerləri isə ona "kiçik vətənini" - Qarabağı xatırlatmışdı. Özü kimi bu torpaqda böyüyən, Qarabağın hər qarışını tanıyan ömür-gün yoldaşı Sitarə xanıma məktublarının birində bu bənzərlik fonunda Maltada yaşanan Qarabağ və Qala (Şuşa) həsrəti, illərin arxasında qalmış xoşbəxt, qayğısız keçmişlə bağlı səmimi və iztirablı hisslər öz əksini tapmışdı: "Xatirəm ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın o gözəl dağlarına, "Başıuca"ya, "Daşaltı"na, "Heydər düzü"nə, "Şahneçin"ə və "Dəlikli daş"a, o yerləri gəzib-dolanmalarıma getdi. Bütün keçmişlər, bütün əqrəbalar, dostlar, evimiz, bağçalarımız birər-birər gözlərimiz önündən gəlib keçdi. Və sonra sizi andım, bugünkü halınızı düşündüm, o qədər mükəddər oldum ki" - deyə Maltadakı növbəti gəzintilərdən birindən aldığı ikili təəssüratı xanımı ilə bölüşən Əhməd bəy yazmışdı.
1920-ci ilin oktyabrında göndərdiyi məktublarından birində Sitarə xanımın ana tərəfdən qohumu, Cümhuriyyəti hökumətinin Türkiyədəki diplomatik nümayəndəsi Yusif Vəzirin fəaliyyət və statusu ilə maraqlanaraq soruşurdu: "Yusif bəy Vəzirov bu gün də Azərbaycan tabeliyində sayılırmı? Oralarla yazışırmı? Rica edirəm, bu xüsuslara dair mənə məlumat göndərin". Məktublarda tez-tez yada salınan azərbaycanlı ictimai-siyasi xadim və ziyalılar, mübarizə yoldaşları sırasında Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əbdüləli bəy Əmircanov və digərlərinin adlarına təsadüf etmək mümkündür.
Məktublar Əhməd bəyin ailə şəcərəsi, tarixi vətənindəki əqrəbaları haqqında bilik əldə etmək baxımından da maraqlıdır. Burada imkan düşmüşkən həmin rakursdan daim yaddaşımda dolaşan bir məsələyə də toxunmaq istərdim.
Bir neçə il əvvəl universitetdə müəllimim, EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda alim həmkarım olmuş, elminə və insanlığına böyük dəyər verdiyim professor Əkbər Ağayevin nəvəsi Həlimə Ağayevə babasının Əhməd bəyin qardaşı oğlu olduğunu bildirərək mövqeyində haqlı olduğunu sübuta yetirmək üçün kömək göstərməyimi istədi. Əlində hər hansı təsdiqləyici sənədin olub-olmaması ilə maraqlandım. Ancaq məlumatları əsasən söhbətlər, xatirələr səviyyəsində idi. Soyad eyniliyinə, hər iki ailənin köklü-köməcli şuşalı olmasına əsaslanırdı. Yəni konkret sənədlər, yazılı məxəzlər əsasında təsdiqini tapmamışdı.
Xatirimdədir ki, 1984-cü ildə Xalq yazıçısı Elçinin nəşrə hazırladığı "Fikrin karvanı" adlı ədəbi-tarixi esselər kitabında görkəmli ədəbiyyatşünas-alim Əziz Mirəhmədovun "Əhməd bəy Ağayev" oçerki çap olunmuşdu. Bu filoloji fikrimizdə Əhməd bəy haqqında ilk söz idi. Əgər hələ həmin dövrdə Azərbaycan KP MK-nın keçmiş məsul işçisi Ə.Mirəhmədov bu cür "təhlükəli" mövzu haqqında açıq danışa bilirdisə, fikir və düşüncələrində daha sərbəst olan, bunu Ədəbiyyat İnstitutundakı çıxış və söhbətlərində dəfələrlə sübut edən Əkbər müəllim nədən çəkinməli idi?
Nəhayət, Əkbər müəllim 1989-cu ilə, yəni "yenidənqurma" və "aşkarlığın" elmi-ədəbi fikrə yol tapdığı dövrə, qadağan olunmuş əsərlərin işıq üzü gördüyü, yasaq müəlliflərin ədəbiyyata və tarixə qayıtdığı, qaytarıldığı vaxta qədər yaşamışdı. Yəni əvvəlki qorxu və təqib təhlükəsi artıq mövcud deyildi. Yadımdadır ki, bədnam Aqanbeqyanın 1987-ci ilin noyabrında Fransanın erməni icması ilə görüşdə keçmiş Dağlıq Qarabağın Ermənistana mənsubluğu haqqındakı fitnəkar bəyanatından sonra o zaman elmi işlər üzrə direktor müavini vəzifəsində çalışdığım Ədəbiyyat İnstitutu qaynar qazana çevrilmişdi. İclas və müzakirələrdə dəfələrlə çıxış edən Əkbər müəllim bir dəfə də olsun 1905-1907-ci illərdə Şuşanın xilaskarlarından biri kimi tanınan Əhməd bəy haqda, xüsusən də eyni ailəyə, nəslə mənsubluqları barədə bir söz deməmişdi. Bu, elə vaxt idi ki, artıq mümkün qohumluq əlaqəsindən qorxmağa deyil, iftixar etməyə daha çox əsas vardı. Amma məlumatlılığı ilə seçilən Əkbər müəllim istər publik çıxışlarında, istər şəxsi söhbətlərində bir dəfə də olsun bu mifik "qohumluq" məsələsində toxunmamışdı.
Əhməd bəyin məktublarında qohum qismində yalnız böyük qardaşı Hüseynin (1868-1937?), onun oğlu Baxışın (1894-?) və kimliyi dəqiq bilməyən Xuduşun adı çəkilir. Ana vətənindəki bolşevik çevrilişindən iyirmi gün sonra - 1920-ci il mayın 17-də yazdığı bir məktubda ailəyə dayaq durmaq üçün qardaşı Hüseynin, qardaşı oğlu Baxışın İstanbula gəlib-gəlmədikləri ilə maraqlanır, "Qafqasyadan varid olan xəbərlər artıq bundan sonra onların da gələcəyi ümidini tamamən qət edir. Əgər indiyə qədər gəlmədilərsə, o halda bundan sonra artıq heç gəlməzlər" - bolşevik hakimiyyətinin təbiətinə dərin bələdliyini ortaya qoyurdu.
Bir çox dəfələr İstanbulda yaşayan "amcazadələrə" (əmi uşaqlarına) salam göndərilir. Başqa heç kəs, o cümlədən Əkbər müəllimin atası Məmməd Ağayev heç yerdə xatırlanmır. Bu da iddia edilən qohumluq əlaqəsinin sadəcə məkan və soyad eyniliyindən başqa mənbəyə əsaslanmadığını əminliklə söyləməyə əsas verir.
lll
Əhməd Ağaoğlu İstanbulu tərk edəndən düz iki il sonra - 1921-ci il may ayının 28-də geri dönmüşdü (Bir sıra mənbələrdə bu tarix 19, yaxud 21 may kimi göstərilir. Lakin mən Əhməd bəyin öz xatirələrinə əsaslandığımdan 28 may tarixini daha məqbul sayıram). Həmin dövrdə 12 yaşı olan oğlu Səməd aradan illər keçəndən sonra ailələrinin həyatındakı sevinc dolu anları belə xatırlamışdı:
"Bir axşam, təxminən saat ona yaxın səssiz küçəmizdə araba təkərlərinin taqqıltısı eşidildi. Araba düz bağça qapımızın qabağında dayandı. Xidmətçimiz Həsənin "Bəyəfəndi! Bəyəfəndi!" - deyə qışqırdığını eşitdik. Qaçaraq aşağı endik. Atamız gəlmişdi.
Səhərə qədər oturduq. Yanında, yaxud düz gözünün qabağında olduğumuz halda bəzən birimizi təlaşla axtarır, "Haradadır? Haradadır?" - deyə soraqlayırdı. Ertəsi gün gətirdiyi hədiyyələri payladı. Bunlar ölçüləri ayağımıza çox böyük ayaqqabılar, bədənimizə çox böyük olan paltarlar idi.
Mən elə bilirdim ki, siz lap böyümüsünüz".
Uşaqlar isə fiziki baxımdan olmasa da, mənəvi cəhətdən bütöv bir həyat məktəbi keçmiş, sözün həqiqi mənasında böyüyüb mətinləşmişdilər. Heç zaman unutmadıqları Malta sürgünü onların da həyatına, yaddaşına öz silinməz möhürünü vurmuşdu. Bu həm də Ağaoğlu ailəsinin tarix qarşısında bir imtahanı idi...
Sarayevo, sentyabr, 2026-cı il