Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan manatının ABŞ dollarına qarşı rəsmi məzənnəsinin 1 dollar = 1,70 manat səviyyəsində uzun müddətdir sabit qalmasının arxasında bir sıra mühüm iqtisadi və maliyyə amilləri dayanır.
Bəs bu sabitlik nə qədər davamlıdır və hansı şərtlər yaranarsa, manatın məzənnəsinə yenidən baxılması gündəmə gələ bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, manatın 1,70 səviyyəsində saxlanılmasında əsas rol valyuta bazarında dollar təklifinin yüksək olması, neft-qaz gəlirləri, valyuta ehtiyatları və Mərkəzi Bankın məzənnə siyasətinə məxsusdur.
Ekspertin sözlərinə görə, hazırda rəsmi məzənnə 1 ABŞ dolları üçün 1,7000 manat təşkil edir və valyuta bazarında dollar təklifi tələbi üstələyir:
“Əsas amillərdən biri tədiyə balansıdır. 2026-cı ildə cari hesab üzrə profisit və maliyyə sektorunda dollarlaşmanın azalması nəticəsində valyuta bazarında dollar təklifi tələbi üstələyib. Buna görə Mərkəzi Bank əksinə, bazardan dollar almaq məcburiyyətində qalıb. Məsələn, avqustda 1,5 milyard dollar alış yönlü müdaxilə edilib”.
Akif Nəsirli vurğulayıb ki, manatın sabitliyini təmin edən digər mühüm amil Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasıdır. Onun sözlərinə görə, Mərkəzi Bankın ehtiyatları 2026-cı ilin əvvəlindəki 11,56 milyard dollardan sentyabrın sonunda 15,36 milyard dollara yüksəlib. Bu isə ilin əvvəlindən təxminən 3,8 milyard dollar və ya 33 faiz artım deməkdir.
Ekspert qeyd edib ki, manatın məzənnəsinin qorunması yalnız Mərkəzi Bankın ehtiyatları ilə məhdudlaşmır. Neft-qaz ixracından daxilolmalar və Dövlət Neft Fondunun valyuta resursları da bu prosesdə mühüm rol oynayır:
“Bazarında dollara tələbin kəskin artdığı halda onun qarşılanması üçün kifayət qədər valyuta buferi mövcuddur. Azərbaycanın valyuta qanunvericiliyində də ehtiyatların məqsədlərindən biri milli valyutanın alıcılıq qabiliyyətinin qorunması kimi müəyyən edilir”.
Akif Nəsirlinin sözlərinə görə, 1,70 məzənnəsinin dəyişdirilməsi üçün ilk növbədə valyuta bazarında fundamental tarazlığın pozulması lazımdır.
Belə risklərə neft və qaz gəlirlərinin ciddi və uzunmüddətli azalması, ixracın zəifləməsi, idxalın kəskin artması, cari hesab profisitinin aradan qalxması, əhali və biznesin dollara tələbinin sürətlə yüksəlməsi, eləcə də dollarlaşmanın yenidən artması daxildir.
Ekspert hesab edir ki, digər mühüm şərt valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasıdır. Əgər Mərkəzi Bank bazarda dollara olan tələbi qarşılamaq üçün davamlı şəkildə valyuta satmağa başlasa və ehtiyatlar sürətlə azalsa, 1,70 məzənnəsinin əvvəlki kimi qorunması daha baha başa gələ bilər.
“Hazırkı vəziyyət isə bunun əksini göstərir: 2026-cı ildə Mərkəzi Bank əsasən dollar alaraq ehtiyatlarını artırıb”, – deyə Nəsirli bildirib.
Onun sözlərinə görə, daxili qiymətlərin və əməkhaqqının məzənnədən daha sürətlə artması da uzunmüddətli perspektivdə nəzərə alınmalı amillərdəndir. Beynəlxalq Valyuta Fondunun qiymətləndirmələrinə əsasən, Azərbaycanın de-fakto məzənnə sabitliyi orta müddətdə davamlı olsa da, daxili xərc təzyiqləri və məhsuldarlıq dinamikası diqqətlə izlənilməlidir.
Ekspert hesab edir ki, yalnız neftin qiymətinin müəyyən həddən aşağı düşməsi manatın məzənnəsinin dəyişdirilməsi üçün kifayət edən amil deyil. Əsas məsələ neft qiymətlərindəki azalmanın uzunmüddətli xarakter alması, ölkənin valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə azaltması, bazarda dollar qıtlığı yaratması və mövcud ehtiyatların bu təzyiqi kompensasiya etmək imkanının zəifləməsidir.
“Qısa desək, 1,70 manatın qorunması üçün əsas üç dayaq var: valyuta daxilolmaları, ehtiyatların kifayət qədər olması və dollara tələbin idarəolunan səviyyədə qalması. Bu üç amildən bir neçəsi eyni vaxtda və davamlı şəkildə pisləşərsə, məzənnənin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər”, – deyə Akif Nəsirli vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az