Manat əcnəbilər üçün niyə cəlbedicidir? Açıqlama

08.09.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əcnəbilərin Azərbaycandakı bank əmanətlərində manatın payı artmaqda davam edir. 2026-cı il avqustun 1-nə onların əmanətlərinin 46,7 faizi milli valyutada olub. Halbuki bu göstərici ötən ilin sonunda 40 faiz, 2024-cü ilin sonunda isə 35,5 faiz təşkil edib. Eyni zamanda, əcnəbilərin manatla əmanətləri ilin əvvəlindən artdığı halda, xarici valyutadakı vəsaitlərinin azalması diqqət çəkir.
Bəs əcnəbilərin yığımlarında manatın payının sürətlə artmasının əsas səbəbi nədir? Bu, milli valyutaya etimadın yüksəldiyini göstərir, yoxsa manat əmanətləri üzrə daha yüksək faiz gəlirləri xarici valyutadan imtinanı stimullaşdırır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseyinova bildirib ki, əcnəbilərin banklardakı əmanətlərində milli valyutanın payının yüksəlməsi bir neçə amillə bağlıdır. 
Onun sözlərinə görə, ilk növbədə burada manatla depozitlər üzrə faiz dərəcələrinin xarici valyutada olan əmanətlərlə müqayisədə daha yüksək olması əsas rol oynayır:
“Məsələn, şəxs Azərbaycanda gəlir əldə edir və həmin gəliri yenə ölkə daxilində xərcləyirsə, manatla depozit yerləşdirərək illik 10-11 faiz gəlir götürməsi xarici valyutada 2-3 faiz gəlir əldə etməsindən daha sərfəli görünür.
Digər tərəfdən, şəxsin Azərbaycanda əldə etdiyi gəlirin həcmi də burada mühüm amildir. Əmək haqqı və ya digər gəlirləri yüksək olan əcnəbi həmin vəsaitin müəyyən hissəsini bankda saxlayaraq əlavə faiz gəliri əldə etməyə çalışa bilər. Xüsusilə də bu şəxsin Azərbaycanda uzunmüddətli yaşamaq və işləmək niyyəti varsa, gəlirini davamlı şəkildə manatla əldə etdiyi üçün vəsaiti milli valyutada saxlamağa üstünlük verməsi təbii haldır.
Burada başqa bir məqam da şəxsin qazandığı vəsaiti xaricə köçürüb-köçürməməsi ilə bağlıdır. Əgər əcnəbi Azərbaycanda qazandığı gəliri öz ölkəsinə və ya başqa xarici ölkəyə transfer etmirsə və həmin vəsaiti Azərbaycanda istifadə edirsə, onun manatla saxlanılması daha məntiqli və gəlirli seçim ola bilər. Çünki gündəlik xərclər də əsasən manatla həyata keçirilir və əlavə valyuta çevrilməsinə ehtiyac yaranmır”.
İqtisadçı əlavə edib ki, bu baxımdan əcnəbilərin manat əmanətlərinin artmasını birbaşa milli valyutaya etimadın kəskin yüksəlməsi kimi qiymətləndirmək düzgün olmaz:
“Burada iqtisadi motivlər, xüsusilə faiz gəlirləri və vəsaitin Azərbaycanda istifadə olunması mühüm rol oynayır. Bununla belə, manatla əmanətlərin payının 2024-cü ilin sonundakı 35,5 faizdən 2026-cı ilin avqustuna 46,7 faizə yüksəlməsi müəyyən mənada xarici vətəndaşların milli valyutada vəsait saxlamağa daha çox üstünlük verdiyini göstərir.
Yəni bu tendensiyanın arxasında həm manatla depozitlərin daha yüksək gəlirliliyi, həm əcnəbilərin Azərbaycanda qazanc və xərclərinin manat üzərindən olması, həm də onların vəsaiti xaricə çıxarmaq əvəzinə ölkə daxilində saxlamağa üstünlük verməsi dayanır”, - deyə Günay Hüseyinova fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью