Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Barselona” və “Mançester Siti” arasında dünya çempionu Rodrinin transferi ilə bağlı danışıqlar hələ də uzanır.
Futbolpress.az İspaniyanın “AS” nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi təcrübəli yarımmüdafiəçini heyətinə qatmaq üçün nəhəng maliyyə öhdəliyi ilə üz-üzə qalıb.
“Mançester Siti” 30 yaşlı ulduz futbolçusu üçün 94,5 milyon dollar tələb edir. İspaniya klubunun ikinci, 69,3 milyon dollar dəyərindəki təklifi Mançester təmsilçisi tərəfindən dərhal rədd edilib. “Şəhərlilər” əsas heyət oyunçusunu ucuz qiymətə buraxmaq istəmədiklərini nümayiş etdiriblər.
İyunda 30 yaşını tamamlayan və son dövrlərdə zədələrlə mübarizə aparan Rodri üçün ümumi xərc paketi transferin ləngiməsinin başlıca səbəbidir. 4 illik müqavilə çərçivəsində futbolçunun maaşı, agent komissiyası və transfer haqqı da daxil olmaqla, “Barselona”ya ümumilikdə 242 milyon dollara başa gələcəyi bildirilir. Yüksək riskli transfer hesab olunduğu üçün Kataloniya klubu addımlarını ehtiyatla atmağa çalışır.