Mançester Yunayted diqqətini Lids in hücumçusuna yönəldib

05.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə hücum xəttini gücləndirməyi planlaşdırır və bu məqsədlə "Lids"in hücumçusu Dominik Kalvert-Lyuin potensial hədəflərdən biri kimi nəzərdən keçirilir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

İngilis hücumçu "qırmızı şeytanlar"ın transfer siyahısına daxil edilib. Klub rəhbərliyi yanvarda mərkəz hücumçusunun keçidini heyətə əsas prioritet hesab edir.

Benjamin Şeşkonun səhhətindəki problemlər səbəbindən belə bir addımın atılması zərurəti daha da artıb. Sloveniyalı futbolçu bu yaxınlarda baldır zədəsindən sağalıb qayıtsa da, zədəsi yenidən təkrarlanıb. Baş məşqçi Maykl Kerrik hücumçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağını təsdiqləyib.

Yayda "Mançester Yunayted" Markus Reşford və ya Coşua Zirkzeni komandadan göndərə bilmədi. Nəticədə klub əsas diqqətini yarımmüdafiə xəttinin yenidən qurulmasına yönəltdi və yeni hücumçu transfer etmədi.

Bununla belə, Kalvert-Lyuinlə bağlı "Lids"lə razılığa gəlmək çətin olacaq. 29 yaşlı futbolçu Daniel Farkenin komandası üçün vacib oyunçudur. Üstəlik, iki klub arasındakı gərgin rəqabət də əlavə maneə yarada bilər.

Qeyd edək ki, Kalvert-Lyuin "Everton"da keçirdiyi doqquz mövsümdən sonra, 2025-ci ilin yayında azad agent kimi "Lids"ə qoşulub. Onun hazırkı müqaviləsi 2028-ci ilin iyununa qədər qüvvədədir. Hücumçu Premyer Liqadakı karyerası ərzində ümumilikdə 75 qol vurub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью