Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Mançester Yunayted”in sahibləri olan Qleyzerlər ailəsi klubdakı səhmlərinin bir hissəsini sata bilər.
İdman.Biz xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 20 ildən artıqdır kluba nəzarət edən ABŞ-li ailənin bəzi üzvləri digər səhmdarları da paylarını tamamilə satmağa razı salmağa çalışırlar.
Xatırladaq ki, 2023-cü ildə britaniyalı milyarder Cim Retkliff Qleyzerlər ailəsindən “Mançester Yunayted”in səhmlərinin 25 faizini 1,25 milyard funt-sterlinqə satın almışdı. Hazırda Qleyzerlər ailəsi klubun əsas səhmdarı olaraq qalır.
Məlumat üçün qeyd edək ki, Qleyzerlər ailəsi ABŞ-nin ən tanınmış biznes ailələrindən biridir. Ailənin sərvətinin əsasını daşınmaz əmlak, ticarət mərkəzləri və müxtəlif investisiyalar təşkil edir.
Ailənin başçısı olmuş Malkolm Qleyzer 2005-ci ildə “Mançester Yunayted” klubunu təxminən 790 milyon funt-sterlinqə satın alaraq böyük rezonans doğurmuşdu. Həmin vaxt alışın böyük hissəsi kredit hesabına həyata keçirildiyi üçün klub azarkeşləri Qleyzerlərə qarşı etiraz aksiyaları keçirmişdilər.