Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşla görüşüb. Görüşün detalları açıqlanmayıb.
Mansur Yavaş isə hələ də Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür.
Bəs bu görüşlə bağlı hansı proqnozlar var?
Mövzu ilə bağlı Gununsesi.info-ya açıqlamasında politoloq Zeynal Əmrəliyev qeyd edib ki, Mansur Yavaşla Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş həm AKP, həm CHP daxilində, həm də ümumilikdə Türkiyə siyasətində böyük maraqla izlənilir:
“Çünki hazırda Yavaşın siyasi gələcəyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir. Onun CHP-də qalacağı, yeni yaradılacaq partiyaya keçəcəyi, müstəqil siyasət yürüdəcəyi, hətta AKP və ya MHP-yə qoşulacağı ilə bağlı fikirlər var.
Artıq konkretləşən məsələlərdən biri Mansur Yavaşın yeni partiyaya keçməyəcəyi ilə bağlıdır.
İkinci ehtimala görə, Yavaş CHP-də qalaraq siyasi fəaliyyətini davam etdirə bilər. Bu halda o, qurultayda CHP sədrliyi uğrunda mübarizə apara bilər. Onun Ərdoğanla görüşünün də bu proseslə əlaqəli olduğu və dövlətin bu siyasi prosesə mane olmaması ilə bağlı müəyyən razılaşmanın əldə edildiyi ehtimal olunur.
Üçüncü və daha çox müzakirə edilən ehtimallardan biri Yavaşın CHP-dən istefa verərək yeni partiyaya qoşulmaması və müstəqil şəkildə siyasi fəaliyyətini davam etdirməsidir. O, Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı kimi fəaliyyətini davam etdirə və gələcək prezident seçkilərində müxalifətin vahid namizədi kimi iştirak edə bilər.
Dördüncü ehtimal isə onun MHP-yə keçməsidir. Mansur Yavaş siyasi fəaliyyətinə MHP-də başlayıb və sonradan CHP-yə keçib. MHP sədri Dövlət Baxçalının siyasi fəaliyyətini başa vurmasından sonra Yavaşın partiyaya qayıdaraq sədrliyə namizəd olması da ehtimallar sırasında səsləndirilir. Bu halda onun MHP-nin hazırda daxil olduğu Cümhur İttifaqı çərçivəsində siyasi xətti davam etdirəcəyi güman edilir.
Beşinci ehtimal isə Yavaşın CHP-dən istefa verən bəzi bələdiyyə başçıları kimi AKP-yə keçməsidir. Lakin bu ehtimalı daha zəif hesab edirəm. Bu halda Yavaş Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı kimi fəaliyyətini davam etdirə bilər.
Ümumilikdə Mansur Yavaşın siyasi mövqeyi Əkrəm İmamoğlunun mövqeyindən fərqlənir. İmamoğlu daha fəal siyasətçi kimi çıxış etdiyi halda, Yavaş bundan daha çox çəkinir və dövlət adamı obrazında çıxış edir. O, paytaxtın bələdiyyə başçısı kimi dövlət başçısı ilə şəhərdə görülən işlərlə bağlı görüşlər keçirir.
Ərdoğanla son görüşün də CHP-nin quruluş günü ilə bağlı keçirilən qəbul çərçivəsində baş tutması diqqət çəkir. Həmin tədbirdə Məhərrəm İncə ilə Kəməl Kılıçdaroğlunun yanaşı görüntüləri yayılsa da, Mansur Yavaş tədbirdə iştirak etməyib. Bununla yanaşı, onun yeni partiyadan da məsafə saxladığı görünür.
Mansur Yavaş bu baxımdan Türkiyə siyasətində diqqət çəkən siyasi simalardan biridir. Mənim qənaətimə görə, gec-tez Yavaş ya CHP-dən istefa verəcək, ya da qurultayda partiya sədrliyinə namizəd olacaq. Əgər Məhərrəm İncə ilə mübarizədə məğlub olarsa, onun sədr vəzifəsindən istefa verməsi də mümkün variantlardan biridir”.
Şəbnəm