Mansur Yavaş İmamoğlunu geridə qoydu ŞƏRH

02.02.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Zəlzələ, iqtisadi çətinliklər, tənqidlər… Amma Ərdoğan reytinqini qoruyur

ASAL Araşdırmalar Şirkətinin açıqladığı 2026-cı ilin yanvar ayına dair rəy sorğusu Türkiyədə mövcud siyasi liderlərin cəmiyyətdəki dəstək səviyyəsini ümumi şəkildə ortaya qoyub. “Türkiyəni kim idarə etməlidir?” sualı əsasında aparılan bu ölçmə seçki dövründən kənar zamanda həyata keçirildiyi üçün mövcud siyasi balansın və liderlərə münasibətin daha aydın görünməsinə imkan yaradır. Sorğunun nəticələrinə əsasən Prezident R.T.Ərdoğan 23,2 faiz səslə birinci pillədəki yerini qoruyub.

Əvvəlki sorğularla müqayisədə səs itirən Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş 14 faizlə ikinci, İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlu isə 11,3 faizlə üçüncüdür.

Müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl (5,9 faiz) dördüncü, keçmiş Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş (6 faiz) beşinci, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı (3,7 faiz) altıncı, İyi Partiyasının sədri Müsavat Dərvişoğlu (3,3 faiz) yeddinci, Zəfər Partiyasının sədri Ümit Özdağ (2,4 faiz) səkkizinci, Anahtar Partiyasının sədri Yavuz Ağıralioğlu (2 faiz) doqquzuncu və Yenidən Rəfah Partiyasının sədri Fatih Ərbakan (1,8 faiz) onuncudur.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, Türkiyədə keçirilən rəy sorğularının və ölçmələrin nəticələrini real hesab etmək olar:

"Burada bir məqamı xüsusi qeyd etmək lazımdır. Adətən Türkiyədə, eləcə də digər ölkələrdə olduğu kimi, müxtəlif rəy sorğuları keçirən təşkilatlar mövcuddur. Bu təşkilatların bir qismi özlərinə yaxın hesab etdikləri siyasi liderləri ön plana çıxarmağa çalışırlar. Yəni bir növ, keçirdikləri rəy sorğularında yaxın olduqları liderlərin göstəricilərini daha yüksək təqdim etməklə ictimai rəy formalaşdırmağa cəhd göstərirlər. Bu hallar xüsusilə seçki mübarizəsi dövründə, seçkilər ərəfəsində siyasi mübarizənin kəskinləşdiyi vaxtlarda daha qabarıq şəkildə müşahidə olunur. Lakin sözügedən rəy sorğusu mövcud vəziyyəti əks etdirməsi baxımından fərqlidir. Çünki hazırda nə seçki dövrüdür, nə də bu sorğu daxili siyasi məqsədə xidmət edir. Eyni zamanda, rəy sorğusu müxtəlif ölkələrdə Türkiyədəki mövcud siyasi vəziyyətin necə qəbul edildiyini də özündə əks etdirir.

Bütün iddialara və zaman-zaman yaşanan problemlərə baxmayaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın reytinqi hələ də yüksək olaraq qalır. Bunun ən real nümunələrindən biri Türkiyədə baş vermiş böyük miqyaslı zəlzələ dövründə müşahidə olundu. Həmin vaxt dağıntılardan sonra hakimiyyətin zəifləyəcəyi və Ərdoğanın ciddi dəstək itirəcəyi iddia edilirdi. Amma reallıq tam əksini göstərdi. Əhali, bütün çətinliklərə baxmayaraq, daha çox Ərdoğanı dəstəkləməklə onun reytinqinin hələ də qorunduğunu nümayiş etdirdi".

Analitik söyləyib ki, İmamoğlunun həbsi ilə bağlı proseslərdən sonra belə bir fikir formalaşıb ki, Ərdoğan və mövcud AKP hakimiyyəti reytinq itirir və yaxın gələcəkdə Ekrem İmamoğlunun əsas alternativ lider kimi önə çıxacağı bir dövr başlayır: 

"Bu istiqamətdə müxtəlif müzakirələr aparılır, mediada bu tip informasiyalar yayılırdı. Rəy sorğusunun nəticələri bir daha göstərir ki, reallıq əslində fərqlidir.

Burada əsas diqqət çəkən məqamlardan biri CHP daxilində mövcud olan liderlik balansıdır. CHP-nin hazırkı sədri Özgür Özəl formal olaraq partiyanın lideri olsa da, rəy sorğularında həm Mansur Yavaşdan, həm də Ekrem İmamoğlundan daha az səs toplayır. Bu isə onu göstərir ki, növbəti mərhələlərdə CHP daxilində liderlik və namizədlik böhranı yaşana bilər. Faktiki olaraq partiya daxilində üç əsas fiqur mövcuddur. Partiya sədrindən fərqli olaraq Mansur Yavaş və Ekrem İmamoğlu daha ön plandadır.

Digər mühüm məqam isə Mansur Yavaş ilə Ekrem İmamoğlu arasındakı faiz fərqidir. Daha çox Ekrem İmamoğlu müzakirə olunsa da, onun yeni lider, hətta ölkənin gələcək rəhbəri kimi təqdim edilməsinə baxmayaraq, Mansur Yavaşın ondan daha çox səs toplaması diqqətçəkəndir. Bu fakt bir daha göstərir ki, Türkiyədə milli xətt və milli düşüncə hələ də seçici üçün çox önəmlidir. Mansur Yavaşın keçmişinin MHP ilə bağlı olması və milliyyətçi siyasi xəttə yaxınlığı Türkiyə cəmiyyətində onun milli bir fiqur kimi qəbul edilməsinə səbəb olur. Ekrem İmamoğlu isə daha çox liberal və fərqli siyasi xətti təmsil edən lider kimi tanınır".

Siyasətçi Mansur Yavaşın Ekrem İmamoğlunu təxminən üç faizə yaxın fərqlə geridə qoymasının Türkiyə seçici elektoratının düşüncə tərzini açıq şəkildə əks etdirdiyini deyib: 

"Bu amillər gələcəkdə seçki dövründə proseslərə ciddi təsir göstərəcək faktorlardır.

Digər siyasi liderlərə gəldikdə isə, Selahəddin Dəmirtaşın gələcək dövrdə Türkiyə siyasətində fəal iştirakının müəyyən suallar doğurduğunu qeyd etmək olar. Buna baxmayaraq, onun hələ də solçular və kürd elektoratı arasında müəyyən dəstəyi mövcuddur. Lakin son dövrlərdə həmin elektorat daxilində də parçalanmalar müşahidə olunur. Dəmirtaşın gözləniləndən daha az səs toplaması onun bütün elektoratı tam şəkildə səfərbər edə bilmədiyini göstərir. Digər partiyaların isə əsasən məhdud və kiçik elektorata sahib olduqları müşahidə olunur.

Ümumilikdə isə əsas nəticə ondan ibarətdir ki, Rəcəb Tayyib Ərdoğan hələ də Türkiyədə lider mövqeyini qoruyur. Bütün tənqidlərə, müzakirələrə və iddialara baxmayaraq, mövcud hakimiyyət və onun lideri Türkiyə cəmiyyətində əsas siyasi güc kimi qəbul olunur. Bu, Ərdoğanın əvvəlki illərdə gördüyü işlər, həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələrlə bağlıdır".

Müsahibimiz son illərdə Türkiyə iqtisadiyyatında müəyyən problemlər yaşansa da, insanların Ərdoğanın əvvəlki dövrlərdə əldə olunan nailiyyətlərini hələ də unutmadıqlarını vurğulayıb:

"Ən önəmli məqamlardan biri isə Ərdoğanın ölkə daxilində sabitliyi qoruması və Türkiyənin regional güc kimi xarici siyasətdə əldə etdiyi uğurlardır. Bütün bunlar Türkiyə elektoratının düşüncəsinə və seçici davranışına birbaşa təsir göstərən əsas amillərdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью