Maqsud İbrahimbəyovun 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir

03.02.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 fevral, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi və bp-nin sponsorluğu ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq və tanınmış ictimai xadim Maqsud İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə “Neft bumu hamıya gülümsəyir” mövzusunda festival keçirilir.

bp-dən AZƏRTAC-a bildiriblər ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi tərəfindən keçirilən festival 2025-ci ilin noyabrında başlayıb və 2026-cı ilin fevralınadək davam edir. Həm Azərbaycan, həm də dünya ədəbiyyatının, eləcə də teatr və kino sənətinin ən nüfuzlu simalarından biri kimi tanınan, 30-dan çox filmin yaradılmasında iştirak etmiş Maqsud İbrahimbəyovun əsərləri 36 dilə tərcümə edilib. Onun yaradıcılığı - xüsusən də neft bumunun sosial-bəşəri dəyərlərə təsirini əks etdirən əsərləri uzun illərdir müxtəlif nəsillərin mədəni və ictimai düşüncəsinin formalaşmasına təsir göstərir. Bu isə festivalın mövzusunu daha da aktuallaşdırır.

Yazıçının çoxşaxəli yaradıcılıq irsinə həsr olunan genişmiqyaslı mədəni, maarifləndirici və bədii tədbirlərdən ibarət festival proqramına aşağıdakılar daxildir:

• Maqsud İbrahimbəyovun pyeslərinin və digər əsərlərinin səhnə qiraəti;

• “Neft bumu hamıya gülümsəyir” pyesinin Azərbaycan, ingilis və rus dillərində yeni nəşrinin təqdimatı;

• Tədqiqatçı Fuad Axundov tərəfindən Bakının neft dövrü tarixini əhatə edən açıq mühazirə;

• Bakının teatr mühiti üçün yeni format olan və tamaşanın pərdəarxası yaradıcılıq prosesi ilə tanışlıq imkanı yaradan açıq məşq;

• Maqsud İbrahimbəyovun əsərləri əsasında üç fərqli rejissor yanaşmasını təqdim edən yaradıcılıq seminarı və sonda ən güclü konsepsiyanın açıq səsvermə yolu ilə seçilməsi;

• 17 yanvar-28 fevral tarixlərində Bakı Müasir İncəsənət Muzeyində çağdaş Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən və neft bumunu rəssamlıq, heykəltəraşlıq və audio-video instalyasiyalar vasitəsilə fərqli rakursdan təqdim edən “Qeyzer” müasir incəsənət sərgisi;

• Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçının məşhur “Neft bumu hamıya gülümsəyir” pyesinin müasir yozumda tamaşasının premyerası.

Tədbirlə bağlı fikirlərini bölüşən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bunları bildirib: “Biz fəxr edirik ki, Maqsud İbrahimbəyovun onilliklər boyu Azərbaycanın neft dövrünün mədəni salnaməsini formalaşdıran zəngin irsinə həsr olunmuş bu festivala dəstək veririk. Bu layihə bp-nin Azərbaycanın tarixi və mədəni irsinin qorunması və təşviqini dəstəkləməyə dair uzunmüddətli öhdəliyini əks etdirir. Məmnunuq ki, bu tədbirlər sayəsində sənət adamları, tədqiqatçılar, tələbələr və geniş ictimaiyyət bir araya gələrək ölkənin mədəni həyatında əlamətdar bir hadisəni qeyd etmək imkanı qazanıblar.”

Ümumilikdə, festival çərçivəsində keçirilən tədbirlərdə müxtəlif nəsilləri və peşə sahələrini təmsil edən elmi-mədəni ictimaiyyətin 700-dən çox nümayəndəsinin iştirakı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью