Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Londondakı Riçmond Parkında ziyarətçiyə hücum edən maral təhlükəli hesab edilərək öldürülüb. Hadisə nəticəsində təxminən 60 yaşlarında olan kişi xəstəxanaya yerləşdirilib.
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, hadisə avqustun 15-i axşam saatlarında baş verib. Bildirilir ki, maral piknik edən bir qrup insana, ehtimal ki, yemək axtarmaq məqsədilə yaxınlaşıb.
Şahidlərin sözlərinə görə, heyvan təxminən 60 yaşlı kişini yaralayıb. Sinə nahiyəsindən xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Polis onun xəsarətlərinin həyati təhlükə yaratmadığını açıqlayıb.
Kral Parkları Administrasiyasından bildirilib ki, maral ziyarətçilər üçün təhlükə yaratdığı üçün onun öldürülməsi barədə qərar qəbul olunub.
Mütəxəssislərin ehtimalına görə, heyvan insanlardan yemək almağa alışıb və zamanla park ziyarətçilərini qida ilə əlaqələndirməyə başlayıb.
Maralın öldürülməsi qərarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəzi istifadəçilər heyvanın aqressiv davranışının ziyarətçilərin qadağalara baxmayaraq vəhşi maralları mütəmadi qidalandırması nəticəsində formalaşa biləcəyini bildiriblər.
NURİYYƏ