Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

22.11.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Motosiklet yarışlarının ən nüfuzlu seriyası olan “MotoGP”də 2026-cı il mövsümünün çempionu müəyyənləşib. “Dukati” komandasının ispaniyalı pilotu Mark Markes karyerasında səkkizinci dəfə kraliça sinfində dünya çempionu adını qazanıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı motosikletçi Portuqaliya Qran-prisində səkkizinci yeri tutaraq ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Bununla da Markes mövsümün son yarışını gözləmədən çempionluğunu rəsmiləşdirib.

Portuqaliyadakı yarışı “Apriliya”nın italiyalı pilotu Marko Betsekki qazanıb. Onun komanda yoldaşı Xorxe Martin ikinci, Raul Fernandes isə üçüncü yeri tutub.
Markes bu uğurla “MotoGP” tarixində yeni səhifə açıb. İspaniyalı pilot kraliça sinfində yeddi dəfə dünya çempionu olan əfsanəvi Valentino Rossini geridə qoyub və səkkiz çempionluğu olan Cakomo Aqostininin rekordunu təkrarlayıb.

Markesin səkkiz çempionluğundan altısı “Honda”, ikisi isə “Dukati” ilə əldə olunub.

İspaniyalı motosikletçi daha əvvəl 125 kubsantimetrlik və “Moto-2” kateqoriyalarında da dünya çempionu olub. Beləliklə, onun bütün siniflər üzrə qazandığı dünya çempionluqlarının sayı 10-a yüksəlib.

Bu göstəriciyə görə Markes motosiklet yarışları tarixində yalnız 15 çempionluğu olan Cakomo Aqostini və 13 dəfə dünya çempionu adını qazanan Anxel Niettodan geri qalır.

Cari mövsümdə Markes əsas yarışlarda yeddi, sprintlərdə isə 10 qələbə qazanıb. O, dörd dəfə poul mövqeyini əldə edib və səkkiz dəfə fəxri kürsüyə yüksəlib.

Karyerası ərzində “MotoGP”nin əsas kateqoriyasında 80 qələbəsi olan ispaniyalı pilot 134 dəfə podiuma çıxıb və 78 dəfə poul mövqeyini qazanıb.

Qeyd edək ki, Markes 2025-ci ildə də dünya çempionu olub. Beləliklə, ispaniyalı motosikletçi ardıcıl ikinci mövsüm “MotoGP”də titulunu qoruyub.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью