Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şirvan şəhərində fəaliyyət göstərən ərzaq mağazasının sahibi faktiki olaraq işləməyən şəxsləri işçi kimi rəsmiləşdirərək onların ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilməsinə şərait yaradıb. Nəticədə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 22 211 manat 40 qəpik maddi ziyan dəyib.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Şirvan Şəhər Məhkəməsində cinayət işinə baxılıb.
Məhkəmə materiallarından məlum olur ki, 1974-cü il təvəllüdlü, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs 2005-ci ildən vergi uçotunda olub və Şirvan şəhərində “313 Market” adlı ərzaq mağazası işlədib.
İttihama görə, o, 2023-2025-ci illərdə müxtəlif vaxtlarda dörd nəfərin faktiki olaraq mağazada işləmədiyi halda onları fəhlə və satıcı vəzifələrinə rəsmiləşdirib. Bunun üçün özünə məxsus ASAN İmza vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə əmək müqavilələri barədə məlumatlar daxil edib.
Həmin şəxslərin işə qəbul olunması barədə elektron bildirişlər əsasında onların ailələrinə ünvanlı dövlət sosial yardımı təyin edilib.
Birinci ailəyə 12 ay müddətində aylıq 440,64 manat olmaqla, ümumilikdə 5 287,68 manat, ikinci ailəyə 12 ay ərzində aylıq 569,43 manat olmaqla 6 833,16 manat sosial yardım ödənilib. Üçüncü ailə 10 ay ərzində aylıq 379,62 manat olmaqla 3 796,20 manat, dördüncü ailə isə 12 ay müddətində aylıq 474,53 manat olmaqla 5 694,36 manat alıb.
Bundan əlavə, üç ailəyə birdəfəlik 200 manat olmaqla, ümumilikdə 600 manat maddi yardım ödənilib. Beləliklə, dövlət büdcəsindən çıxarılan vəsaitin ümumi məbləği 22 211,40 manat təşkil edib.
Məhkəmədə dindirilən şahidlərin ifadələrində də maraqlı məqamlar yer alıb. Onlardan bəziləri adlarının mağazada yalnız sosial yardım almaq məqsədilə rəsmiləşdirildiyini, faktiki olaraq orada işləmədiklərini və əməkhaqqı almadıqlarını təsdiqləyiblər. Digər şahidlər isə mağazada müəyyən müddət işlədiklərini bildirərək ibtidai istintaqda verdikləri ifadələrin bəzi hissələri ilə razılaşmayıblar.
Təqsirləndirilən şəxs məhkəmədə ittihamı qismən qəbul edib. O, işə gəlməyən şəxslərlə əmək müqavilələrinə vaxtında xitam vermədiyini etiraf etsə də, elektron sistemə qəsdən yalan məlumat daxil etmək və qanunsuz sosial yardım alınmasına şərait yaratmaq niyyətinin olmadığını bildirib. Həmçinin bu şəxslərdən qeydiyyat və ya yardım təyinatı üçün pul almadığını, ödənilən sosial yardımdan ona pay verilmədiyini deyib.
Lakin məhkəmə toplanmış sübutları, şahid ifadələrini və digər materialları araşdıraraq onun təqsirinin sübuta yetirildiyi qənaətinə gəlib.
Nəticədə sahibkar Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – vəzifəli şəxsin özünə və ya üçüncü şəxslərə qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd istifadə edərək dövlətin və ya digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurması) və 313-cü (vəzifə saxtakarlığı – vəzifəli şəxsin tamah və ya digər şəxsi niyyətlə rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona 2 500 manat, 313-cü maddəsi üzrə isə 2 000 manat cərimə təyin edilib. Cəzalar qismən toplandığından yekun cərimə 3 000 manat müəyyənləşdirilib.
Bununla yanaşı, DSMF-nin 22 211,40 manat məbləğində mülki iddiası təmin olunub. Həmin vəsaitin təqsirləndirilən şəxsdən tutularaq Fondun xeyrinə ödənilməsi qərara alınıb.
Seyid