Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Z.Z.-nin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.
KONKRET.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Gəncə Şəhər Məhkəməsinin hökmü dəyişdirilib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarının 2.6, 5.2.2 və 5.3-cü bəndlərinə əsasən təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilib. İş üzrə mülki iddiaya aid hissədə icraata xitam verilib.
İttihama görə, Z.Z. “OBA-Gəncə 28” marketdə törətdiyi qanunsuz əməllərə görə təqsirli bilinib.
Məlum olub ki, təqsirləndirilən şəxs 2021-2022-ci illər ərzində həmin filialda administrator vəzifəsində çalışıb. O, əmək müqaviləsinə, tam maddi məsuliyyət haqqında müqaviləyə və mağaza administratorunun vəzifə təlimatına əsasən anbar və satış zalının vəziyyətinə, kassa əməliyyatlarına, mal qəbulu və satış proseslərinə, həmçinin şirkətə məxsus əmlakın qorunmasına nəzarət etmək səlahiyyətinə malik vəzifəli şəxs olub.
İstintaqla müəyyən edilib ki, Z.Z. qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş özgə əmlakı qanunsuz və əvəzsiz talamaq məqsədi ilə vahid niyyətlə hərəkət edib. Belə ki, 2021-2022-ci illər ərzində mağazanın inventarında olan və tam maddi məsuliyyətinə götürdüyü 52 438,03 manat dəyərində məişət və qida məhsullarının 18 826,32 manatlıq hissəsini istintaqa məlum olmayan vaxtlarda mağazadan çıxararaq üçüncü şəxslərə satıb, əldə edilən pul vəsaitini isə kassaya mədaxil etməyib.
Bundan əlavə, o, eyni dövr ərzində mağazanın kassasından şirkətə məxsus məhsulların satışından əldə olunmuş və inkassatora təhvil verilməli olan 7 179,64 manat pul vəsaitini də mənimsəyib. Nəticədə təqsirləndirilən şəxs ümumilikdə 26 005,96 manat məbləğində ona etibar edilmiş özgə əmlakı mənimsəmə və israf etmə yolu ilə talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
(pravda.az)