Marketlərdə hər kəsi gözləyən böyük təhlükə XƏBƏRDARLIQ

10.10.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Marketlərdə üzəri açıq şəkildə satışa çıxarılan çörəklərə müştərilərin əllə toxunması, məhsulları sıxaraq yoxlaması və bəyənmədiklərini yenidən rəfə qoyması gigiyena məsələsini gündəmə gətirir.

Gündəlik istehlak olunan çörəyin bu cür təması onun üzərinə müxtəlif mikroorqanizmlərin keçməsi riskini yarada bilər.

Xüsusilə, məhsulların qoruyucu vitrinlərdə saxlanılmaması və satış zamanı gigiyenik qaydalara əməl edilməməsi qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Bəs açıq şəkildə satılan çörəklərə birbaşa toxunmaq insan sağlamlığı üçün hansı təhlükələr yarada bilər və marketlərdə bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, marketlərdə üzəri açıq satılan çörəklərə müştərilərin əllə toxunması, onları sıxaraq yoxlaması və sonra yerinə qoyması qida təhlükəsizliyi baxımından gigiyenik risk yaradır:

“İnsan əllərində olan bakteriyalar, viruslar və digər mikroorqanizmlər çörəyin səthinə keçə bilər. Xüsusilə əllər yuyulmadıqda, çirkli səthlərlə təmasda olduqda və ya insan xəstə olduqda bu risk artır. Çörəyə toxunmaqla stafilokok infeksiyalar, eləcə də müxtəlif bağırsaq mənşəli mikroorqanizmlər məhsula keçə bilər.

Çörək bişirildikdən sonra yüksək temperaturun təsiri ilə mikroorqanizmlərin böyük hissəsi məhv olur. Lakin məhsul soyudularkən, daşınarkən və satış zamanı yenidən çirklənə bilər. Bəzi mikroorqanizmlər əlverişli şəraitdə çoxala və qida mənşəli xəstəliklərə səbəb ola bilər. Çörəyin nəmliyi, saxlanma temperaturu və digər şərtlər bu riskə təsir göstərir.

Bununla belə, çörəyə toxunulması hər dəfə zəhərlənmə ilə nəticələnmir, risk çirklənmənin səviyyəsindən və mikroorqanizmin növündən asılıdır. Əsas məsələ odur ki, məhsulun təhlükəsizliyi üçün nəzərdə tutulan gigiyenik şərait qorunsun. İlk növbədə, çörəklərin müştərilərin birbaşa toxunmasından qorunması təmin olunmalıdır”. 

Onun sözlərinə görə, bunun üçün məhsullar qapalı və ya qoruyucu vitrinlərdə yerləşdirilməli, müştərilərin çörəyi əllə götürüb yenidən yerinə qoymasına imkan verilməməlidir:

“Çörəyin götürülməsi üçün təmiz maşa, xüsusi tutacaqlar və ya digər uyğun vasitələr təqdim edilməli, bu vasitələr mütəmadi təmizlənib dezinfeksiya olunmalıdır. Əlcəkdən istifadə də kömək edə bilər, lakin əlcək gigiyenik davranışı əvəz etmir: çirkli əlcəklə müxtəlif məhsullara toxunmaq da çirklənməyə səbəb ola bilər.

Bundan əlavə, çörəklərin daşınması, saxlanması və satışa düzülməsi zamanı işçi gigiyenasına, avadanlıqların təmizliyinə və məhsulların çirklənmədən qorunmasına ciddi əməl edilməlidir. Çörəklərin açıq şəkildə satılması zamanı qoruyucu tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.
Bu qaydalara əməl edilmədikdə market rəhbərliyi daxili nəzarəti gücləndirməli, işçilərə müvafiq təlim keçməli və uyğunsuzluqları aradan qaldırmalıdır. 
Qida təhlükəsizliyi üzrə səlahiyyətli qurum tərəfindən isə qanunvericiliyə uyğun yoxlama və digər nəzarət tədbirləri görülə bilər”.

Mütəxəssis qeyd edib ki, nəticə etibarilə, çörəyin görünüşü və qoxusu onun mikrobioloji baxımdan təhlükəsiz olduğunu tam sübut etmir:

“İstehlakçılar da məhsula əllə toxunmaqdan çəkinməli, marketlər isə çörəyi həm gigiyenik, həm də təhlükəsiz şəraitdə satışa təqdim etməlidirlər”.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: Marketlər Fərid Səfərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью