Marketlərdə satılan çayların keyfiyyətinə nə dərəcədə güvənə bilərik? QİDA EKSPERTİ

12.11.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Marketlərdə satılan çayların keyfiyyətini qiymətləndirmək, ucuz çayla bahalı çay arasındakı qiymət fərqinin məhsulun keyfiyyətindən xəbər verib-vermədiyini müəyyənləşdirmək hər zaman müzakirə olunan məsələlərdəndir. Marketlərdə istehlakçı çay seçərkən diqqətini cəlb edən əsas məqamlar markalar, qiymətlər və çeşidlərdir. Bunlar müştərilərdə hər zaman müəyyən narazılıq doğurur".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, müştəri eyni məhsulun fərqli qiymətlərlə satıldığını gördükdə birmənalı şəkildə narazılığını bildirir və eyni keyfiyyətə malik məhsulların nə üçün fərqli qiymətlərə satıldığını sorğulayır. Bahalı çayın həqiqətən keyfiyyətli olub-olmaması, yoxsa istehlakçının sadəcə brendə, qablaşdırmaya və reklam xərclərinə pul ödəməsi əsas suallardandır:

"Müştəri hər zaman çalışır ki, tanıdığı məhsula pul versin. Çayın qiyməti yalnız yarpağın keyfiyyətindən deyil, həm də onun istehsalı, emalı, qablaşdırılması və daşınması kimi amillərdən asılı olaraq formalaşır. Bu səbəbdən rəfdə daha bahalı görünən məhsulun tərkib və keyfiyyət baxımından daha ucuz məhsuldan üstün olması mütləq deyil. Eyni zamanda, məhsulun həqiqətən keyfiyyətli olması onun mütləq baha olmalı olduğu anlamına gəlmir. Digər tərəfdən, həddindən artıq ucuz çayın da xammalının mənşəyi, saxlanma şəraiti, qablaşdırılması, etiket məlumatlarının düzgünlüyü, bütün bunlara çəkilən xərclər, eləcə də reklam və brendləşmə xərcləri nəzərə alındıqda, necə bu qədər ucuz başa gəlməsi sual doğuran məsələlərdəndir.

Müştərilər hər zaman çayın tündlüyünə üstünlük verirlər və düşünürlər ki, çay dəmlənərkən nə qədər tünd olarsa, bir o qədər keyfiyyətli olar. Lakin bu, yanlış yanaşmadır. Çünki bəzi istehsalçılar çay yarpaqlarının rəngini dəyişdirmək üçün müəyyən rəngləndiricilərdən istifadə edirlər. Bu da çay dəmlənərkən həmin rəngləndiricilərin təsirinin üzə çıxmasına və ya çayın rənginin süni şəkildə tündləşməsinə səbəb olur. Lakin bu, çayın həqiqətən tünd dəmləndiyi və keyfiyyətli olduğu anlamına gəlmir.

Əsas problemlərdən biri istehlakçının məhsulun qiymətini görsə də, həmin qiymətə nə qədər reklam və brendləşmə xərcinin daxil olduğunu bilməməsidir. Digər məhsullarda olduğu kimi, çayda da brendləşməyə və reklama çəkilən xərclər müştərilərdə "göz yaddaşı" yaradır. Nəticədə, müştəri daha çox gördüyü məhsulu almağa üstünlük verir.

Bundan əlavə, müştərilərin maarifləndirilməsi məsələsi də böyük əhəmiyyət daşıyır. Müəyyən hegemon şirkətlər marketlərin əsas rəflərində və vitrinlərində müəyyən faiz nisbətində xüsusi yerlərə sahib olurlar. Onlar marketlər qarşısında şərtlər qoyurlar. Belə ki, əgər çay satış vitrininin ölçüsü müəyyən metrdirsə, həmin hegemon şirkətlər bu vitrinləri öz aralarında bölüşdürürlər. Vitrindəki paylarını başqa şirkətlərə vermədikləri təqdirdə isə həmin şirkətlərin satış faizini azaltmaqla hədələyirlər. Bu vəziyyət marketlər, firmalar və distribütorlar arasında yaşanan ən qlobal problemlərdən biridir. Sadəcə, bəzən bu barədə açıq danışılmır.

Bunun fonunda həmin şirkətlərin satdığı çaylardan daha keyfiyyətli və yerli olan digər məhsullar kölgədə qalır, vitrinlərdə sərgilənə bilmir. Buna görə də hegemon şirkətlər reklam və brendləşmədən istifadə edərək öz məhsullarını bazarda diktə edir və müştəriləri həmin məhsulları almağa təşviq edirlər. Çünki çay vitrinlərində gözə görünən əsasən brendləşmiş məhsullar olur. Nəticədə, digər məhsullar daha keyfiyyətli olsalar da, kölgədə qalır və sərgilənə bilmirlər. Buna görə də müştəri yalnız brendə və reklama deyil, həm də məhsulun həqiqi keyfiyyətinə əsaslanmalıdır. Bu istiqamətdə istehlakçılarda maariflənmə və araşdırma aparmaq mədəniyyəti formalaşmalıdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью