Icma.az bildirir, Azertag portalına istinadən.
Tbilisi, 13 noyabr, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlıların sağlam, pis vərdişlərdən uzaq böyümələrində soydaşlarımızın yaratdıqları icma və idman klubları mühüm rol oynayır.
Bu klublardan biri də “Barlas” İdman Federasiyasıdır.
AZƏRTAC-ın xüsusi müxbiri federasiyanın idman zalında olub, gənclərin məşqləri və yarışlara hazırlıq vəziyyətini öyrənib.
İlk növbədə qeyd edək ki, bu zalda iki məşqçi mütəmadi olaraq yeniyetmə və gənclərin hazırlığı ilə məşğul olur.
Onlardan biri ixtisasca həkim-stomatoloq olan, karate və uşu-sanda idman növü üzrə dəfələrlə çempionluq titulu qazanan Əli Qəmbərovdur.
Əli Qəmbərov deyir ki, ixtisasca diş həkimi olsa da, uşaqlıqdan idmana da böyük həvəsi yaranıb: “İdmanda qazandığım uğurları, təcrübəni indi uşaqlarla bölüşmək mənə stimul verir. Bəziləri elə fikirləşə bilər ki, həkimlik və məşqçilik adamı tez yorar. Amma mən deyərdim ki, elə deyil. Necə deyərlər, həqiqətən də sağlam bədəndə sağlam ruh olar”.
O, uzun müddətdir uşaqların və gənclərin idmana cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində çalışır. Artıq onun hazırlaşdırdığı uşaqlardan Gürcüstan çempionu olan da var. Amma o, bununla kifayətlənmir və uşaqları daha böyük zəfərlər qazanmağa hazırlaşdırır.
“Xeyli vaxtdır ki, uşaqların və gənclərin idmanla məşğul olmaları, asudə vaxtlarını səmərəli keçirmələri, zərərli vərdişlərdən uzaq durmaları üçün çalışıram. Valideynlər də övladlarını həvəslə klubumuza gətirir, onların sağlam ruhda böyüməsi üçün bizimlə birgə səy göstərirlər. Bu da bizi daha əzmlə çalışmağa ruhlandırır”, – deyə məşqçi vurğulayıb.
Əli Qəmbərovun sözlərinə görə, idmançılar artıq Gürcüstan çempionu olublar, müxtəlif fəxri adlara layiq görülüblər: “Onlar bütün yarışlarda olduğu kimi, növbəti turnirlərə də ciddi hazırlaşırlar. Yaxşı başa düşürlər ki, qazandıqları qələbə təkcə fərdi uğur deyil, azərbaycanlı adını daha uca zirvələrə qaldırmaq deməkdir”.
Əli Qəmbərov onu da bildirib ki, bu gün zalda təkcə Marneuli rayonu və kəndlərindən deyil, qonşu Bolnisi və Qardabanidən olan yeniyetmə idmançılar da məşq edirlər.
Məqsəd isə birdir: “Bütün yeniyetmə və gənclərimizin sağlam ruhda böyüməsi, pis vərdişlərdən uzaq durması və azərbaycanlı adına layiqli insan kimi böyüməsinə nail olmaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi