Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 12 avqust, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Beynəlxalq Gənclər Günü münasibətilə “Gəncliyin enerjisi, gələcəyin gücü” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində gənclər şahmat oynayıb, rəsm çəkib, müxtəlif maraqlı və əyləncəli oyunlarda iştirak edərək asudə vaxtlarını səmərəli keçiriblər.
Maraqlı və pozitiv keçən görüş gənclərin yaradıcılıq və intellektual bacarıqlarının inkişafına, sosial ünsiyyətlərinin güclənməsinə, yeni dostluqlar qurmasına və ictimai fəallıqlarının artırılmasına töhfə verib.
GAİM-in əməkdaşı Zülfinaz Əliyeva bildirib ki, bu cür tədbirlərin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq, onların yaradıcılıq və intellektual potensialının inkişafına dəstək olmaq, eləcə də gənclər arasında birlik və həmrəyliyi gücləndirməkdir.
O qeyd edib ki, gənclərin ictimai və mədəni həyatda fəal iştirakının dəstəklənməsi GAİM-in əsas fəaliyyət istiqamətlərindən biridir. Belə təşəbbüslər gənclərə yeni bacarıqlar qazanmaq, potensiallarını nümayiş etdirmək və maraq dairələrini genişləndirmək üçün geniş imkanlar yaradır.
Bildirilib ki, gənclərin inkişafı, onların potensialının üzə çıxarılması və fəal cəmiyyətin formalaşmasına dəstək GAİM-in əsas fəaliyyət istiqamətlərindəndir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi