Marneulidəki Azərbaycan Evində TİKA nümayəndələri ilə görüş

24.08.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bu gün Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Gürcüstanda səfərdə olan nümayəndə heyəti Marneulidəki Azərbaycan Evi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzini (GAİM) ziyarət edib.

Görüşdə TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer, 24News.ge saytının rəhbəri Azər Məmmədov, GAİM-in müəllimləri, ziyalı gənclər Vaqif Səyyah və Atif Abbasov iştirak ediblər.

Qonaqlar əvvəlcə Azərbaycan Evində GAİM-in nəzdində fəaliyyət göstərən rəsm müəllimi Xəyalə Mustafayevanın Gürcüstan-Azərbaycan və Türkiyə dostluğuna həsr olunmuş əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə nümayiş etdirilən əsərlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Daha sonra Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblının üzvləri Azərbaycan və Gürcüstan milli rəqslərini təqdim ediblər. 

Qonaqlara Azərbaycan Evi və GAİM-in fəaliyyəti, həyata keçirilən layihələr, müxtəlif istiqamətlər üzrə görülən işlər, eləcə də gənclərin inkişafı üçün yaradılmış imkanlar barədə ətraflı məlumat verilib.

Görüş daha sonra dəyirmi masa formatında davam etdirilib. Azərbaycan Evinin və GAİM-in direktoru Məhəbbət İmanov çıxış edərək qonaqları salamlayıb və onların səfərini yüksək qiymətləndirib. O, rəhbərlik etdiyi qurumların fəaliyyəti, indiyədək həyata keçirilən layihələr və qarşıya qoyulan əsas məqsədlər barədə ətraflı məlumat verib.

Məhəbbət İmanov azərbaycanlı gənclərin inkişafına, onların təhsil, mədəniyyət və yaradıcılıq imkanlarının genişləndirilməsinə, milli-mədəni dəyərlərin qorunub yaşadılmasına yönəlmiş təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, eyni zamanda Gürcüstan, Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən layihələrin mühüm rol oynadığını qeyd edib.

TİKA-nın Gürcüstan nümayəndəliyinin rəhbəri Salih Özer Azərbaycan Evi və GAİM-in fəaliyyəti barədə müsbət fikirlərini bölüşüb. Qonaqlar xüsusilə gənclərin inkişafına, onların fəal və yaradıcı mühitdə yetişməsinə, eləcə də milli-mədəni dəyərlərin yaşadılmasına xidmət edən layihələri yüksək qiymətləndiriblər.

Sonda Məhəbbət İmanov Salih Özerə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan “Vətənə, xalqa həsr edilən ömür” adlı nadir albom nəşrini təqdim edib.

Görüş zamanı gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslərin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Paşa ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью