Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Marsda yerləşən Arsia Mons vulkanının üzərində buz kristallarından ibarət qeyri-adi bulud yaranıb. Səhər saatlarında formalaşan bu atmosfer hadisəsi küləklərin təsiri ilə vulkandan qərbə doğru hərəkət edərək 1500 kilometrdən artıq məsafəyə uzanır. Bir neçə saat sonra isə yox olur.
NASA-nın noyabrın 2-də təqdim etdiyi astronomik görüntüdə əks olunan bulud ilk dəfə 1977-ci ildə “Viking 2” kosmik aparatı tərəfindən qeydə alınıb. Avropa Kosmik Agentliyinin (ESA) “Mars Express” kosmik gəmisi də 2018-ci ildən etibarən bu hadisəni daha ətraflı müşahidə edir. Bulud Marsın cənub yarımkürəsində yaz və yay mövsümlərində, əsasən, səhər saatlarında meydana gəlir.
ESA-nın oktyabrın 7-də yaydığı araşdırmaya görə, buludun yaranma mexanizmi alimlərin diqqətini çəkən qeyri-adi xüsusiyyətlərə malikdir. Modelləşdirmə nəticələri su buxarının atmosferdəki toz və digər hissəciklərin köməyi olmadan birbaşa buz kristallarına çevrilə biləcəyini göstərir. Bu proses Mars atmosferində buludların formalaşma mexanizmlərinin daha dərindən öyrənilməsi baxımından əhəmiyyətlidir.
S.Rzayeva
XQ