Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Son vaxtlar viral infeksiyaya yoluxmada kəskin artım müşahidə olunur.
Bununla bağlı Sfera.az-a açıqlama verən professor, tibb elmləri doktoru Musa Qəniyev deyib ki, dekabr ayından başlayaraq öskürək, yüksək temperatur, “kataral vəziyyət”, səsin tutulması, halsızlıq, bütün bədəni bürüyən ağrı ilə müşahidə olunan virus mövcuddur: “Hazırda kəskin bronxit və pnevmoniya kimi ağırlaşmaların da artdığı sirr deyil.
Vətəndaşları ən çox narahat edən isə son günlər Çində eyni klinik simptomlar göstərən yeni bir virusun - metapnevmovirusun epidemik xarakterli artımı və bunun ölkəmiz də daxil, dünyaya yayılaraq yeni bir pandemiyaya səbəb olma qorxusudur.
Digər xüsusi narahatlığa səbəb olan hal, dekabrın sonunda Tayvandda “Money UDN” nəşrində bu virusunun letallıq əmsalının 43%-ə yaxın olması haqqında qeyd edilən iddialardır.
Rəsmi mənbələrdə ölkəmizdə bu virusa yoluxmanın qeydə alınmadığı bildirilir.
Əvvəla unutmamalıyıq ki, biz sərhədlərin şəffaflaşdığı, qloballaşan bir dünyada yaşayırıq.
Odur ki, “dünən” dünyanın istənilən bir nöqtəsində hər hansı bir viral infeksiyaya yoluxma halı baş veribsə, “sabah” onun ölkəmizə və ya dünyanın istənilən bir ölkəsinə daşına biləcəyi tamamilə reallıqdır.
Bu səbəbdən də, bu və ya digər infeksiya qonşu ölkələrdə var. “Hələ bizim ölkəmizdə yoxdur və ya olmayacaq” fikri tamamilə absurddur”.