Maşallah Rəzmi: “Əvvəllər SEPAH Xameneiyə bağlı idi, indi isə vəziyyət fərqlidir” Video

10.08.2026

Icma.az bildirir, Bizimyol portalına istinadən.

İranda Ali Lider Ayətullah Xamenei ilə Prezident Məsud Pezeşkian arasında münasibətlərlə bağlı yayılan son iddialar ölkənin siyasi gündəmində geniş rezonans doğurub.

Məhəmməd-Baqir Xərazzi Pezeşkianın dəfələrlə istefa verməklə hədələdiyini və Xameneinin növbəti istefanın qəbul ediləcəyi barədə xəbərdarlıq etdiyini desə də, Prezident Administrasiyası bu məlumatları qəti şəkildə təkzib edib. Rəsmi təkzibə baxmayaraq, məsələ İran hakimiyyətində daxili siyasi münasibətlər və qərarvermə mexanizmləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bu iddialar İran hakimiyyətində daxili fikir ayrılıqlarının olduğuna işarə edə bilərmi?

“İranın keçmiş Ali Dini Rəhbəri Seyid Əli Xamenei 37 il hakimiyyətdə olduğu müddətdə ölkədə qruplaşmaları idarə edə, siyasi böhranın yaranmasının qarşısını ala bilirdi. Bu gün hakimiyyətdə olan Müctəba Xameneinin seçilməsi özü də problemlidir. O, qanunla seçilməyib, gizli şəkildə müəyyənləşdirilib, heç kim onu görməyib. Onunla bağlı yeni bir səs yazısı və ya foto da yayılmayıb.

Hakimiyyət daxilində olan ifratçı qruplaşmalar çalışırlar ki, özlərini Müctəba Xameneiyə və yeni rəhbərə yaxın göstərsinlər və onun adı ilə öz siyasətlərini irəli sürsünlər. O isə həmin qüdrətin sahibi deyil ki, bunu həyata keçirə bilsin, onları yerində oturda bilsin və desin: “Siz mənim adımdan danışmayın””.

Bunları Bizimyol.info xəbər portalına açıqlamasında Güneyli soydaşımız, siyasi şərhçi Maşallah Rəzmi deyib. O, bildirib ki, hələ yeni rəhbərin ölkəni idarə edə biləcəyi məlum deyil. Çünki onun kimlərlə ünsiyyətdə olduğu və səlahiyyətlərinin nə qədər olduğu barədə dəqiq məlumat yoxdur.

“Hətta deyirlər ki, keçmiş rəhbər SEPAH-ı yaratmış, onların rəhbərlərini bir-bir seçib vəzifəyə təyin etmişdi. Onlar da rəhbərə itaət edirdilər. Amma indiki rəhbəri SEPAH seçib. Yəni əvvəllər SEPAH Əli Xameneiyə bağlı idi, bu gün isə Müctəba Xamenei SEPAH-a bağlıdır. Bu səbəbdən onun səlahiyyətləri çox zəifdir. Elə buna görə də İranda ölkə daxilində olan qruplaşmalar arasındakı siyasi böhran günbəgün artacaq”, – deyə Maşallah Rəzmi bildirib.

Siyasi şərhçi deyir ki, bəzi qruplaşmalar dünya ilə normal münasibətlərin tərəfdarıdır və onlar keçmişdə həyata keçirə bilmədikləri addımları indi atmağa çalışırlar.

Maşallah Rəzminin fikrincə, hazırda İranda Prezident Məsud Pezeşkianın siyasi təsir imkanları müəyyən qədər artıb və bu vəziyyət bəzi qüvvələrin narazılığına səbəb olur.

Maşallah Rəzminin İran daxilindəki vəziyyətlə bağlı video şərhinə Bizimyol.info xəbər portalının YouTube kanalında baxa bilərsiniz:

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью