525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, Masallı rayonunda 2 kəndin yolunu yeniləyib.
525.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, ümumi uzunluğu 23 km olan Xıl–Sirəbil–Çayqıraq–Molalan–Allahyarlı marşrutu üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. Layihə yolboyu yerləşən yaşayış məntəqələri arasında rahat və təhlükəsiz gediş-gəlişin təmin olunmasına, həmçinin yük və sərnişin daşımalarının asanlaşdırılmasına xidmət edir.
Tikinti işləri layihəyə və texnoloji ardıcıllığa uyğun şəkildə həyata keçirilir. Əraziyə lazımi sayda canlı qüvvə və xüsusi texnika cəlb olunub.
Əvvəllər yararsız asfalt, torpaq və çınqıl örtüklü olan yollar IV texniki dərəcəyə uyğun yenidən qurulur.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən aparılan işlər çərçivəsində artıq 3,5 km uzunluğa malik Molalan və 6,4 km uzunluğa malik Allahyarlı kənd yollarının yenidən qurulması tamamlanıb. Hər iki yol müasir standartlara uyğun vəziyyətə gətirilərək vətəndaşların istifadəsinə verilib.
Layihə üzrə digər 3 kənd yolunda tikinti işləri davam etdirilir. 8,2 km uzunluğundakı Xıl–Sirəbil hissəsində torpaq işləri yerinə yetirilib, suötürücü boruların quraşdırılması isə yekunlaşmaq üzrədir. Digər hissələrdə də layihə üzrə nəzərdə tutulan tikinti işləri mərhələli şəkildə icra olunur.
Tikintinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi həyata keçiriləcək.
Layihənin tam başa çatdırılması ilə Masallı rayonunun sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri yaxşılaşdırılacaq, vətəndaşların rahat və təhlükəsiz hərəkəti təmin ediləcək.