Masallıda Zəfər Gününə həsr olunan 21 kilometrlik yarımarafon təşkil edilib

07.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Masallı, 7 noyabr, AZƏRTAC

Masallıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarımarafon Masallı Rayon İcra Hakimiyyətinin, Masallı, Ərkivan və Qəriblər bələdiyyələrinin təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və “Bakı Marafon Klubu”nun tərəfdaşlığı ilə baş tutub.

Yarışdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, onların xatirəsinə gül dəstələri düzüblər.

Start mərasimində iştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmana göstərilən diqqət və qayğının əhəmiyyətindən danışıb. O, bu kimi tədbirlərin sağlam həyat tərzinin təşviqi, idmanın kütləviliyinin artırılması və gənclərin vətənpərvərlik ruhunda formalaşması baxımından önəmini vurğulayıb.

Bir dəqiqəlik sükutdan sonra Dövlət Himni səsləndirilib və yarımarafona start verilib.

İştirakçılar Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan başlayan marşrut üzrə Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçərək finiş xəttinə – Masallı şəhərindəki Heydər Əliyev Parkına çatıblar.

Yarışın sonunda qaliblərə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kubok, fəxri fərman və pul mükafatları təqdim olunub. 21 kilometrlik məsafəni başa vuran digər iştirakçılar isə medal və sertifikatlarla təltif ediliblər.

Müxbir- İlkin Adıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью