Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıətrafı qəsəbələrdə əksər avtomobil yollarının işıqlandırma sistemi mövcud deyil. Bu vəziyyət səhər erkən və gecə saatlarında sürücülər üçün ciddi narahatlıq yaradır. Yollar lazımi səviyyədə işıqlandırılmadığı üçün sürücülər yolu tam aydın görə bilmir, bu da qəza riskini artırır.
Konkret olaraq Masazır qəsəbəsində bəzi küçə və yollar yalnız yol kənarında yerləşən mağazaların işıqları hesabına qismən işıqlanır. Mağazaların olmadığı ərazilərdə isə tam qaranlıq hökm sürür. Belə yollarda hərəkət etmək həm sürücülər, həm də piyadalar üçün son dərəcə təhlükəlidir. Xüsusilə qəfil yola çıxan piyadaları vaxtında görmək çətinləşir və bu da ağır, bəzən isə qaçılmaz nəticələrə səbəb ola bilər.
Problemin həlli ilə əlaqədar Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Seymur Qasımov Bizim.Media-ya bildirdi ki, yolların cari vəziyyəti ilə bağlı problemlər diqqətdə saxlanılır.
Belə ki, Masazır qəsəbəsinin əsas və ara yollarında müasir küçə işıqlandırma sistemlərinin qurulması üçün işlərə başlanılıb.
“Yol kənarlarındakı gecə işıqlandırılması sistemlərinin yerli icra hakimiyyətinin balansına verilməsi istiqamətində həyata keçirilən təhvil-təslim işləri artıq başa çatıb. Hazırda fasilədən sonra yaranmış texniki məsələlərin həlli istiqamətdə işlər aparılır. Fevralın 1-dən etibarən gecə işıqlandırılması tam təmin olunacaq”.
Mövzunu diqqətdə saxlayacağıq.
Şəfiqə Şəfiqə, Bizim.Media