Masazırda bataqlıq yaranıb FOTO

01.02.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Son günlər intensiv yağıntılar nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsində "Qır gölü" adlandırılan su hövzəsi daşaraq ətraf yaşayış sahələrinə yayılıb. Hadisə nəticəsində bir neçə ev və təsərrüfat sahəsi su altında qalıb, sakinlərin gündəlik həyatı iflic olub.

Milli.Az xəbər verir ki, su səviyyəsinin sürətlə qalxması insanların evlərindən çıxmasını çətinləşdirib. Bəzi sakinlər evlərini tərk etməyə məcbur qaldıqlarını, digərləri isə yardım olmadan ərazidən çıxmağın mümkünsüz olduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, problem təkcə son yağışlarla bağlı deyil. Onlar uzun müddətdir göldə səviyyə tənzimlənməsinin aparılmadığını, drenaj və suötürücü kanalların isə yararsız vəziyyətdə olduğunu deyirlər. Nəticədə hər yağıntı dövründə təhlükə daha da böyüyür.

Hazırda ərazidə müvafiq qurumların vəziyyətə müdaxilə edib-etmədiyi ilə bağlı rəsmi açıqlama verilməyib. Sakinlər aidiyyəti dövlət strukturlarından təcili tədbirlər görülməsini, təhlükənin aradan qaldırılmasını və dəyən ziyanın qiymətləndirilməsini tələb edirlər.

Qeyd edək ki, analoji hallar əvvəlki illərdə də müşahidə olunub, lakin problem hələ də köklü şəkildə həllini tapmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью