Masazırda oğul atasını döydü Səbəb

07.08.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Abşeron rayonu, Masazır qəsəbəsində oğul atasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Kamran yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsindəki "Park Solero" yaşayış kompleksində yerləşən mənzildə atası Pərvizin onun işləmək istəməməsinə irad bildirməsi və buna görə evdən çıxıb getməsini tələb etməsi səbəbindən onunla mübahisə edib.
Aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı oğul atasının sifətinə və bədəninin digər nahiyələrinə yumruq və əl zərbələri ilə bir neçə dəfə vurub.
İş üzrə ifadə verən Kamran bildirib ki, işləməsi üstündə son zamanlar atası ilə aralarında tez-tez söz mübahisələri olub:
“Məlum hadisə günü saat 20:00 radələrində evdə olarkən atam məndən nə vaxt işləyəcəyimi soruşdu. Mən cavabımda hələ ki özümə iş axtarmadığımı, istirahət etmək istədiyimi qeyd etdim. Atam da buna əsəbiləşdi. Məndən evdən getməyimi söyləyəndə onun bu hərəkətindən əsəbiləşdim. Onun üzərinə getdim, əl və yumruq zərbələri ilə atamın sifət və baş nahiyələrinə vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra evdən gedib:
“Sonra atam Pərvizin barəmdə polisə şikayət etdiyini öyrəndim. Əməlimdən peşman olmuşam, atamla aramızda barışıq əldə edilib. Atamın mənə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur. Özüm də atamı vurduğuma görə özümü günahkar və təqsirli bilirəm”.
İş üzrə zərərçəkmiş Pərviz bildirib ki, Kamran onunla birlikdə yaşayır, subaydır və heç bir yerdə işləmir:
“Oğlum Kamranla aramızda onun işləməməsi üstündə son zamanlar söz mübahisələri baş verib. Məlum hadisə günü saat 20:00 radələrində Kamran taksiyə vermək üçün məndən pul istədi. Kamrana pulum olmadığı üçün vermədim və ondan nə vaxt işləyəcəyini soruşdum. Kamran mənə ‘hələ ki işləmək istəmirəm’ cavabını verdi. Kamranın bu sözü məni əsəbiləşdirdi. Ona evdən getməsini bildirdim. Kamran da bu sözdən sonra əsəbiləşərək üzərimə gəldi, əl və yumruq zərbələri ilə göz, sifət, qulaq, baş və bədənimin müxtəlif nahiyələrinə zərbələr vuraraq məni döydü”.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью