Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avtomobil qəza və ya texniki nasazlıq səbəbindən yolda dayandıqda təhlükəsizlik qaydalarına əməl edilməməsi ağır qəzalara və insan tələfatına səbəb ola bilər.
“Yeni Sabah” xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Bildirilib ki, bəzi sürücülər hava və yol şəraitini, hərəkətin intensivliyini, görünmə məsafəsini, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlayaraq təhlükəli vəziyyət yaradırlar. Elektronika məhsulları
Qanunvericiliyə əsasən, qəza və ya texniki nasazlıq baş verdikdə sürücü ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və mümkün qədər tez yolun hərəkət hissəsini boşaltmalıdır.
Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi yerdə yerləşdirilməlidir.
Avtomobilin hərəkəti mümkün olmadıqda isə sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara çəkməli, bu mümkün deyilsə, səkiyə və ya yol çiyninə keçirməlidir. Həmçinin digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməlidir.
BDYPİ sürücülərin diqqətinə çatdırıb ki, bu məsələdə yol verilən səhlənkarlıq dəfələrlə ağır faciələrə səbəb olub. İdarə sürücüləri həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırıb.