Maşınları süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək Amin İbrahimi Əfruzi

22.01.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az İbrahim Əzizin tərcüməsində Amin İbrahimi Əfruzinin "Süni İntellekt fəlsəfəsinin təzahürü" yazısını təqdim edir.

Süni intellekt və fəlsəfə, bizim ünvanladığımız suallardan daha artığını özündə ehtiva edir.

Süni intellektə dair fəlsəfi tədqiqatlar hələ öz inkişafının ilkin mərhələsindədir. Verilən sualların içərisində orijinal və ya həqiqətən süni intellektlə əlaqəli olanlar məhduddur. Bu səbəbdən, aktual problemlər populyar media və TED konfranslarındakı səthi, lakin cəlbedici narrativlərin, eləcə də məhdud akademik kursların hüdudlarından kənara çıxa bilməmişdir. Lakin süni intellektlə bağlı verməli olduğumuz həqiqətən maraqlı fəlsəfi suallar var.

Həm Silikon Vadisində süni intellekt mütəxəssisi, həm də hüquq fəlsəfəsi üzrə doktorant kimi mən bu iki sahənin kəsişməsində fəaliyyət göstərirəm. Mən həm süni intellekt texnologiyalarının fəlsəfi biliklər işığında inkişafına, həm də süni intellektin imkanlarına əsaslanan yeni bir fəlsəfənin formalaşmasına töhfə verirəm. Bu unikal təcrübəyə əsaslanaraq qeyd etməliyəm ki, məni ekzistensial narahatlıq içində saxlayan suallarla yanaşı, mənə mənəvi rahatlıq verən suallar da mövcuddur.

Dəbdən düşmüş suallar

Süni intellekt fəlsəfəsindəki müzakirələr dörd əsas etik problem ətrafında cəmləşir: tramvay dilemmaları, tətbiqi etika, süni intellektin bəşəriyyət üçün ekzistensial təhdid potensialı, həmçinin məxfilik və məlumatların təhlükəsizliyi.

Bu narahatlıqlar süni intellekt fəlsəfəsinin əsas hissəsini təşkil etsə də, əslində, onların heç biri sırf bu texnologiyaya xas olan xüsusi problemlər deyildir.

Tramvay dilemmaları, idarəetmədən çıxmış xəyali bir nəqliyyat vasitəsi üzərindən qurulan, müdaxilə edilmədiyi təqdirdə yaranacaq zərər ilə iradi müdaxilənin səbəb olacağı alternativ zərər arasındakı ziddiyyəti araşdıran düşüncə eksperimentləridir. Filippa Futun yaratdığı bu ilkin ssenariyə görə, əgər tramvay yoluna davam etsə, beş nəfəri vuracaq, amma yolunu dəyişsə, cəmi bir nəfər həyatını itirəcək. Bu gün bir çox mütəxəssis həmin məşhur tramvay problemini sürücüsüz avtomobillərə aid edir. Onlar sual verirlər: Görəsən, bir maşın insan kimi düşünüb nəyin doğru, nəyin yanlış olduğuna qərar verə bilərmi?

Əlbəttə, sürücü olan bir insanın həmin an yolu dəyişib-dəyişməməsi mövzusunda alimlər hələ də razılığa gələ bilməyiblər. Hər kəsin inancı və mənsub olduğu mədəniyyət bu çətin suala özünəməxsus cavab verir. Məsələn, nəticəyə baxan bir filosof 'beş nəfərsə, bir nəfər ölsün' deyib yolun dəyişməsini istəyər, amma prinsiplərə sadiq qalan başqa biri buna 'yox' deyər. Sürücüsüz maşınlarda isə bu işlərin necə həll olunacağı hələ də böyük bir sual işarəsidir. Hər halda, bəzi mütəxəssislər düşünürlər ki, maşının çox dərindən düşünməsinə ehtiyac yoxdur; insanlar sorğularda hansı qərarı daha məntiqli tapırsa, maşın da o statistikaya uyğun hərəkət etsə, bəs edər. Amma əlbəttə, belə məqamlarda insanların 'doğru' hiss etdiyi hər şeyin həqiqətənmi düzgün olduğu ciddi bir mübahisə mövzusudur. Fərz edək ki, bu iddialar düzdür, amma bu “qatar problemləri” artıq hamının təkrar etdiyi bir mövzuya çevrilib. Üstəlik, bu cür baş sındıran suallar təkcə süni intellekt dünyasına aid deyil. Həmçinin, süni intellekt hər şeyi qabaqcadan hesabladığı və çox sürətli qərar verdiyi üçün, əslində bu cür çətin seçimlərlə heç üz-üzə qalmaya da bilər. Məsələn, maşınları tamamilə süni intellekt idarə etsə, yollarda qəza görmək çətinləşəcək. Çünki həm qəzaların sayı azalacaq, həm də baş verənlər daha az təhlükəli olacaq.

Süni intellektin etik olub-olmaması ilə bağlı suallar təkcə bu texnologiyaya aid deyil. Əslində, hər yeni kəşf və texnoloji tərəqqi zamanı insanlar həmişə bu cür suallar veriblər. Burada məsələ texnologiyanın hansı məqsədlə istifadə olunmasındadır. Əgər bir texnologiya yaxşı işlər üçün işlədilirsə, deməli etikdir, yoxsa yox. Məsələn, insanları bir-birindən ayırmaq, ayrı-seçkilik etmək pis bir şeydirsə, bunu süni intellektlə etmək də elə eyni dərəcədə pisdir. Əgər insanları cinsi əşya kimi görmək və zorakılığı tərifləmək pis bir şeydirsə, eyni işi süni intellektlə görmək də bir o qədər yanlışdır və əxlaqsızlıqdır. Qısası, bu qorxular təkcə süni intellektə aid deyil. Hətta ümumiyyətlə texnologiyanın özü də burada yeganə səbəbkar deyil.

Şəxsi məlumatların qorunması məsələsi də eyni cür həll olunur: Əgər biz məxfiliyin və təhlükəsizliyin vacib olduğunu düşünürüksə, süni intellekt bu dəyərləri pozmamalıdır. Bu qədər sadə.

Süni intellektin bəşəriyyətin sonunu gətirə biləcəyi fikri hər kəsin diqqətini çəkir. Hətta İlon Mask və Bill Qeyts kimi zəngin iş adamları da bu qorxuya görə bu sahəyə milyonlarla dollar pul ayırırlar. Amma bu suallar, loru dildə desək, əvvəlki suallara çox bənzəyir. Düzdür, super zəka deyəndə ağla ancaq süni intellekt gəlir, amma bu cür qorxular təkcə onunla bağlı deyil. İnsanları narahat edən əsas məsələ budur: super zəkalı bir sistem ya heç kimin sözünə baxmayacaq qədər güclü olacaq, ya da kiçik bir qrup ondan öz mənfəəti üçün istifadə edəcək. Bu vəziyyəti daha qorxulu edən odur ki, bir dəfə bu yola çıxdıqsa, geri qayıtmaq mümkün olmayacaq. Üstəlik, super zəkanın idarə etdiyi bir dünyada dövlətlərin və orduların necə davranacağını təsəvvür belə edə bilmirik. İkinci məsələ isə süni intellektin yaxşıyla pisi ayırd edib-etməyəcəyidir. Yoxsa o, fantastik filmlərdə gördüyümüz qorxulu robotlara çevriləcək? Məsələn, dünyada aclığı bitirmək üçün insanları yox etmək kimi qəddar bir qərar verə bilərmi? Bu iki qorxunu belə sadələşdirə bilərik: süni intellekt nəyə xidmət edəcək və qərar verərkən nələri vacib sayacaq? Elə tramvay probleminin özü də bizə bunu — çətin anlarda hansı dəyəri seçməli olduğumuzu xatırladır. Vaxtilə genlərlə oynayan texnologiyalar çıxanda da hamı eyni şeydən qorxurdu: bu texnologiya çox güclüdür, səhv etsək geri dönüşü yoxdur və hələ tam bilmirik ki, bu işin sonu hara gedir.

Əlaqəli suallar

Filosofların bu mövzuda verəcəyi suallar əvvəlkilər kimi ümumi olmamalıdır. Bu suallar birbaşa süni intellektin özündən doğmalı, onun nə olduğunu izah etməli və ya süni intellektin gücü ilə cavablandırılmalıdır. Bu tip suallar fəlsəfə üçün tamamilə yeni üfüqlər açır və bu sahənin gələcək inkişafı üçün nəhəng bir potensial vəd edir. Yazının ardında bəzi maraqlı sualları qeyd edirəm, amma bunlar hələ ki, dərindən araşdırılmamış, sadəcə ilkin düşüncələrdir.

Süni intellekt etikası

Süni intellekt sanki bizim köməkçimizdir. Məsələn, bir yazını xarici dilə tərcümə etmək bizə çətin gələndə, süni intellekt dərhal köməyimizə çatır və işimizi yüngülləşdirir. Üstəlik, indi hamımız eyni köməkçilərdən — Siri və ya Alexa-dan istifadə edirik, yəni hamımıza eyni cavablar verilir. Amma gələcəkdə hər kəsin özünəməxsus süni intellekti ola bilər və bu proqramlar sanki vəkillər kimi bir-biri ilə rəqabət aparıb öz sahibinin maraqlarını qoruya bilər. Səhm alqı-satqısı bu vəziyyət üçün ən yaxşı misaldır. İndi bazarlarda işin çoxunu süni intellekt proqramları görür; hər bir proqram öz sahibinin qazanması üçün digər proqramlarla rəqabətə girir. Bu cür vəziyyətlər getdikcə çoxalacaq və kompüter dünyasındakı proqramların hərəkəti real həyatımıza təsir edəcək. Məsələn, sadəcə öz sahibini düşünən proqramlar az olan bir şey üçün bir-biri ilə mübarizə aparanda, ortaya 'bu nə dərəcədə ədalətlidir?' kimi suallar çıxır. Həmçinin, süni intellekt proqramlarının bir-birinə qarşı necə davranacağı da artıq etik bir mövzudur. Xüsusilə də insanların olmadığı, yalnız proqramların qərar verdiyi yerlərdə bu, çox vacibdir. Bu vəziyyət filosof Skanlonun 'bir-birimizə qarşı hansı vəzifələrimiz var?' fikrini xatırladır, amma bu dəfə söhbət maşınların bir-birinə olan borcundan gedir.Amma süni intellektin etdiklərini qiymətləndirmək üçün bizə yeni bir 'yaxşı-pis' qaydalar siyahısı lazımdır. Çünki indiyə qədərki əxlaq qaydaları ancaq insanlar üçün yazılıb, süni intellektin hərəkətləri isə bu qaydalardan çox fərqlidir. Birlikdə işləyən süni intellekt proqramları işi bir az da çətinə salır. Çünki bu sistemlər təkcə öz edəcəklərini düşünmür; onlar həm də başqa 'aktorları' və onlarla necə yola gedəcəklərini planlayan böyük bir komanda kimi hərəkət edirlər. Birlikdə işləyən bu sistemlər bir-birini rəqib yox, ortaqlıq edə biləcəyi bir dost kimi qəbul edir. Əgər bərabər işləməyin daha xeyirli olacağını anlasalar, dərhal qrup qurur, bildiklərini bir-birinə öyrədir və əl-ələ verib işi ən yaxşı şəkildə bitirirlər. Onlar digər proqramların necə işlədiyinə nəzarət edir və kim daha çox iş görürsə, gələcəkdə məhz onunla birlikdə hərəkət etməyə üstünlük verirlər. Belə sistemlərdə süni intellekt kimin gələcəkdə daha faydalı olacağını hesablayır və onlarla sanki bir müqavilə imzalayırmış kimi ciddi iş birliyinə başlayır. Süni intellekt proqramları bir-birini izləyir. Əgər bir proqram ortaq işə kömək etmirsə və ya qaydaları pozursa, digərləri bunu qeyd edir və onu bloklayaraq cavablarını verirlər. Süni intellekt proqramları da insanlar kimi özlərinə yaxşı tərəfdaş seçirlər. Kim daha çox işə yarayırsa, onunla daha yaxın olurlar. Amma işin qorxulu tərəfi odur ki, bu proqramlar birləşib xoşlamadıqları birini sıradan çıxara, yaxud onun haqqında mənfi məlumat yayaraq adını ləkələyə bilərlər. Əgər bu proqramlar sizi təmsil edirsə, onların etdiyi hər hansı bir səhvə görə siz də cavabdeh ola bilərsiniz. Proqramın arxada nə işlər gördüyünü bilməsəniz də, etik məsuliyyət sizin üzərinizdə qalır.

Süni intellektlərin birlikdə işləməsi bəzən pis nəticələr də verə bilər. Məsələn, otel qiyməti qoyan bir proqram, bilet satan başqa bir proqramla razılaşıb qiymətləri qəsdən qaldıra bilər. Bu cür gizli oyunlar həm bazarlarda qiymətləri süni şəkildə artırar, həm də xidmət sahəsində böyük xaos yaradar.

Süni Niyyətli Mövqe

Mütəxəssislər əvvəlcə elə bilirdilər ki, süni intellekti düzəldəndə həm də öz beynimizin necə işlədiyini öyrənəcəyik. Amma iş elə gətirdi ki, biz insana bənzəməyən, tamamilə başqa cür düşünən bir zəka yaratmış olduq. Çoxları elə bilir ki, süni intellekt statistika və oyun qaydaları ilə işlədiyi üçün onu elə bu yolla da anlamaq olar. Amma bu, yanlış fikirdir. Bu cür yanaşmaqla biz süni intellektin əslində nə dərəcədə mürəkkəb bir varlıq olduğunu heç vaxt başa düşə bilməyəcəyik.

Daniel Dennettin 1987-ci ildə yazdığı kimi: Təsəvvür edin ki, marslılar bizim nə edəcəyimizi öncədən yüz faiz dəqiqliklə bilirlər, amma bizim 'niyyətimizdən', 'istəklərimizdən' xəbərləri yoxdur. Onlar hər şeyi görsələr də, əslində heç nəyi başa düşmürlər! Çünki bir hərəkəti anlamaq üçün sadəcə nəticəyə baxmaq kifayət deyil; o hərəkəti edənin daxili dünyasına girmək lazımdır.

Süni intellekt öz hərəkətlərini hesablayır və ən yaxşı nəticəni almağa çalışır. Amma biz deyə bilmərik ki, o, insan kimi dərindən düşünür. Biz ona "düşünür" deyəndə, əslində ona insan xüsusiyyətləri veririk. Bu bizə süni intellektin necə işlədiyini yox, onun nə olduğunu izah etməyə kömək edir. Buna görə də, süni intellekti anlamaq üçün təkcə riyaziyyat və oyun qaydalarını bilmək azdır. Bu bizə onun necə işlədiyini göstərsə də, onun əslində nə olduğunu tam başa salmır.

Yaxşı, bəs süni intellekti necə araşdıraq? Məncə, biz ona insan kimi deyil, bir süni intellekt kimi yanaşıb suallar verməliyik. Bunun üçün də köhnə sözləri bir kənara qoyub, tamamilə yeni bir dil qurmağın vaxtı gəlib. Bu dil bizə 'istəmək', 'birlikdə çalışmaq' və ya 'hörmət etmək' kimi anlayışların süni intellekt dünyasında nə məna kəsb etdiyini anlamağa kömək edəcək. Məhz bu səbəbdən, bizim tamamilə yeni bir terminologiya yaratmağımıza ehtiyac var. Əslində fəlsəfədə sırf bu məsələlərlə məşğul olan yeni bir bölmə yaradılmalıdır. Məncə, süni intellekt və super zəka haqqındakı sualları bu yeni yanaşma ilə versək, cavablar daha tutarlı və maraqlı olacaq.

Şüur kimi qarışıq mövzulara girməyə ehtiyac yoxdur, çünki burada əsas olan şüur deyil. 'Obyektiv Süni İntellekt Fəlsəfəsi' bu cür suallar soruşmalıdır: Süni intellekt bir işi görəndə bunu sadəcə qayda kimi qəbul edir? Biz bir məqsəd üçün çalışanda nə hiss ediriksə, o da 'mükafat' alanda eyni şeyi hiss edir? Əgər süni intellektlə biz eyni məqsədə xidmət ediriksə, o zaman onun da bizim kimi haqları və vəzifələri olmalıdır? Süni intellekt proqramları bir neçə müxtəlif 'qazanc' və ya 'itki' hesabı ilə qurula bilər. Bu zaman soruşmalıyıq: Süni intellektin hərəkətlərini hansı qaydalar idarə edir? Birlikdə işləyən proqramlar qazandıqları xalları bölüşə və gələcəkdə onlara kömək edilməsi üçün başqaları ilə dostluq edə bilərlər. Tədqiqatçı isə soruşmalıdır: “Görəsən, süni intellekt bu etdiklərini ədalətli olmaq və ya xəyanət etmək kimi başa düşürmü?”

Gəlin “Sosial Süni İntellekt Epistemologiyası” adlandıra biləcəyimiz yeni bir sahəni təsəvvür edək. Burada süni intellekt sadəcə alət deyil, məlumatın 'doğru' yoxsa 'yalan' olduğunu ayırd edən bir süzgəcdir. O, həm informasiyanın saflığını yoxlayır, həm də biz insanlar üçün bilik istehsal edir. Bu xüsusiyyətlər “Süni intellekt etibarlı və ya güvənilməyə layiq ola bilərmi?” və “Bir süni intellekt həm özünə, həm də başqalarına hörmət prinsipləri daxilində etibarlı olmağı necə qavraya bilər?” kimi sualları ortaya çıxarır.

Simulyativ Fəlsəfə

Simulyativ fəlsəfə sayəsində biz süni intellekti laboratoriya şəraitində, yəni simulyasiyalarda sınağa çəkə bilərik. Unutmayın: burada söhbət artıq bizdən getmir; biz kənara çəkilirik və bütün diqqətimizi süni intellektin öz aləminə və davranışlarına yönəldirik. Süni intellektin hərəkətləri və tezliklə bir çox işdə insanların yerini tutacağı faktı bizi ciddi düşünməyə məcbur edir. Bu vəziyyəti düzgün qiymətləndirmək üçün kompüter simulyasiyalarından istifadə etməli və nəticələri indidən görməliyik.

Süni intellektin necə qurulduğuna baxıb onun haqqında bəzi təxminlər edə bilərik. Bu, insanın yemək yeməsini və ya ağrı hiss etməsini bilmək kimi bir şeydir. Lakin bu cür sadə məlumatlarla süni intellektin böyük sirrini aça bilmərik. Əlimizdəki fərziyyələrin düzgün olub-olmadığını öyrənmək üçün kompüter simulyasiyalarından istifadə etməliyik.

Məsələn, bir sınaq keçirib baxa bilərik: süni intellekt fərqli növ mükafatları bir-biri ilə dəyiş-düyüş edirmi? Beləliklə, filosof Bentamın “hər şeyin sonu tək bir mənfəətə çıxır” fikrinin nə qədər doğru olduğunu maşınların üzərində yoxlaya bilərik.Yaxud bunu Cozef Razın hakimiyyət haqqındakı fikirləri ilə tutuşdurmaq olar: Süni intellekt üçün bəzi mükafatlar digərlərindən daha vacibdirmi və onlar arasında bir dərəcə-pillə fərqi varmı? (Razın yanaşmasında səbəblər sadəcə bir siyahı deyil, bir iyerarxiyadır; hər birinin özünəməxsus çəkisi və tərəzisi var. Təsəvvür edin ki, bir müqaviləni ləğv edirsiniz: burada sizin arzularınız və ehtiyaclarınız eyni tərəzidə çəkilən 'birinci dərəcəli' hərəkətverici qüvvələrdir.) Yaxud heç istəklərimi düşünmədən, xəstə olduğum üçün müqavilədən imtina edə bilərəm. Burada xəstəlik ikinci dərəcəli bir səbəbdir. O, başqa səbəbləri daha güclü olduğu üçün deyil, tamamilə başqa növdə olduğu üçün bir kənara atır. Bu düşüncəyə görə, dövlət və qanunlar da bizə hərəkət etmək üçün bu cür ciddi və üstün səbəblər verir ki, biz başqa şeyləri düşünmədən onlara tabe olaq.

Başqa bir misalda, süni intellekt proqramlarının birlikdə işləməyə necə razı olduqlarını yoxlaya bilərik. Onları sadəcə daha çox qazanmaqmı maraqlandırır, yoxsa başqa səbəbləri də var? Əgər onlar gələcəkdə hansı vəziyyətdə olacaqlarını bilməsələr, Roulzun dediyi kimi hamı üçün ədalətli qaydalar yaradacaqlarmı? Son bir misal: Süni intellektlə “yığın paradoksu” təcrübəsini keçirə bilərik. Məsələn, bir qum yığınından dənə-dənə qum azaldanda, görəsən, süni intellekt hansı anda “artıq burada yığın yoxdur” deyəcək? Bu yolla onun da insanlar kimi çaş-baş qalıb-qalmayacağını görərik. Düşünürəm ki, maşınlar 'yığın' məsələsində saniyənin mində biri qədər belə dayanmayacaqlar. Amma əsl sual budur: bu məsələni necə həll edərlər? Biz bununla həm də iki eyni yem arasında qalıb hansını seçəcəyini bilməyən “Buridanın eşşəyi” vəziyyətində süni intellektin nə edəcəyini öyrənmiş olarıq.

Artıq gələcəyin mövzusu deyil

Filosoflar bəzən süni intellektin inkişafını çox sadə bir şeymiş kimi göstərirlər. Amma unutmaq olmaz ki, bu danışdıqlarımız uzaq gələcəyin nağılları deyil, artıq qarşımızda duran real məsələlərdir. İndiki texnoloji imkanlar bu sualları araşdırmaq üçün bizə yol açır. Bu yolda qarşımıza çıxan yeganə çətinlik pul və texniki mütəxəssis azlığıdır. Əgər insanlar buna dəstək versə və müxtəlif elm sahələri əl-ələ versə, bu problemləri asanlıqla həll edə bilərik.

Artıq olmayan şahzadəyə - Haruki Murakaminin hekayəsi Məşhur aktrisa vəfat etdi “Dilimiz – kimliyimiz” mövzusunda müşavirə keçirildi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью