Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Amerikalı milyarder İlon Maskın aralıq seçkisində Respublikaçıların qələbəsi üçün xərclədiyi pul faktiki olaraq batıb. Mask bu seçkilərə Respublikaçıların xeyrinə təxminən yarım milyard - 474 milyon dollar xərcləyib.
Bunun təxminən 224 milyon dolları Texasdakı seçki kampaniyasına qoyulub. Lakin onun dəstəklədiyi namizəd tarixən Respublikaçıların qalib gəldiyi bu ştatda belə məğlub olub. Nəticədə Demokratlar həm Senatı, həm də Nümayəndələr Palatasını ələ keçiriblər və Texasın özündə 38 ildən sonra ilk dəfə Demokrat senator qalib gəlib.
Ancaq Maskın itirdiyi təkcə seçkiyə xərclədiyi pullar deyil. “Bloomberg” agentliyinin məlumatına görə, seçkinin sabahı günü Maskın “Tesla” və “Space Exploration Technologies” şirkətlərinin səhmləri ciddi şəkildə ucuzlaşıb.
Agentlik qeyd edir ki, ABŞ-dəki seçkilərin ilkin nəticələri Maskın şirkətlərilə bağlı investorların risklərini artırıb. Nəticədə “Tesla”-nın səhmləri 4,25%, “SpaceX”-in səhmləri isə 3,89% ucuzlaşıb.
ABŞ süni intellekt şirkətlərinin səhmləri də seçkinin nəticəsindən təsirlənib. Xüsusilə, “Oracle”, “CoreWeave”, “Apple” və “Microsoft”-un səhmləri ucuzlaşıb. Demokratların daha sərt süni intellekt qaydaları və ABŞ-də yeni məlumat mərkəzlərinin tikintisinə moratorium qoyulmasını müdafiə etmələri gözlənilir. Bu isə həmin şirkətlərin gəlirlərinə təsir edə bilər.
Xatırladaq ki, 2024-cü il seçkilərində də Mask fəal şəkildə Respublikaçıları dəstəkləyirdi. Həmin vaxt onun “stavkası” uğur gətirdi və Donald Tarmp seçkidə qalib gəldi. Lakin bu dəfə alınmadı və bir çox müşahidəçilərin fikrincə, Respublikaçıların uğursuzluğunda təkcə Trampın deyil, onu dəstəkləyən Maskın da rolu olub. Onun bəzi açıqlamaları və ümumilikdə tutduğu mövqe amerikalıların əhəmiyyətli hissəsi tərəfindən mənfi qarşılanır.
C.Məmmədli
“AzPolitika.info”