Matcha içməyin çağırışı edildi

09.08.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son illərdə populyarlığı sürətlə artan matcha bu dəfə sağlamlıq xəbərdarlığı ilə gündəmdədir. Almaniyada satılan organik matcha məhsulunun müəyyən bir partisində pestisid aşkar edilib. Səlahiyyətli şəxslər məhsulu istehlak etməmək və geri qaytarmaq çağırışı edib.

Milli.Az xəbər verir ki, kafelərdə latte və soyuq içki kimi təqdim edilən matcha marketlərdə də toz və çay formasında istehlakçılarla görüşür. Lakin bu dəfə məşhur içki ilə əlaqədar Almaniyadan diqqət çəkən bir geri çağırış qərarı gəlib.

Almaniyanın rəsmi qida xəbərdarlığı sistemi olan "Lebensmittelwarnung"da 7 avqust 2026-cı il tarixində yayımlanan elana görə, "TryMoin GmbH" tərəfindən satışa çıxarılan "Try Moin Bio Matcha Pure" adlı orqanik matcha məhsulunun müəyyən bir partisində tebukonazol aşkar edilib. Kənd təsərrüfatında göbələk xəstəliklərinə qarşı istifadə edilən bir funqisid olan tebukonazol Avropa İttifaqı qanunvericiliyində reproduktiv (törənmə) baxımdan toksik kateqoriya 2 çərçivəsində təsnif edilir. Alman rəsmiləri aşkar edilən məhsulun insan sağlamlığı baxımından risk yarada biləcəyini bildirərək geri çağırış qərarı veriblər.

Geri çağırış bütün matcha məhsullarını deyil, yalnız müəyyən bir partiyanı əhatə edir. Sözügedən məhsulun 30 qramlıq "Try Moin Bio Matcha Pure" olduğu, partiya nömrəsinin isə "M-P-002" olduğu bildirilib. Məhsulun tövsiyə edilən istifadə tarixi 23 fevral 2028-ci il, EAN kodu isə 4262397271654 olaraq açıqlanıb.

Məhsul Almaniyada "Rossmann" və "Globus" mağazalarında satışa çıxarılıb. Paylanmanın müxtəlif əyalətlərdə həyata keçirildiyi qeyd olunub. Səlahiyyətlilər göstərilən partiyaya aid məhsulu alan istehlakçılara məhsulu istifadə etməmələri və aldıqları mağazaya qaytarmaları barədə çağırış ediblər.

Geri çağırış elanında məhsulda aşkar edilən tebukonazol miqdarı və ya qanuni qalıq limitinin nə qədər keçildiyi açıqlanmadı. Mütəxəssislərə görə, bir məhsulda bu maddənin olması həmin məhsulu istehlak edən hər kəsin qəti şəkildə sağlamlıq problemi yaşayacağı mənasına gəlmir. Risk qiymətləndirilməsində qalığın miqdarı, istifadə tezliyi və məruz qalma müddəti kimi amillər əhəmiyyət daşıyır. Lakin səlahiyyətlilər ehtiyat tədbiri olaraq sözügedən partiyaya aid məhsulların istehlak edilməməsini istəyiblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью