Maykl Oliver və Elçin Məsiyev

17.09.2026

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Mən bu yazını yazıb bitirənə qədər bir neçə dəfə hərf səhvi edəcəm. Dərhal gözümə dəyənləri düzəldəcəm, səhvləri aradan qaldıracam. Sonra yazını bir daha oxuyacam, orda da gördüklərim olacaq və istər hərf səhvlərinə, istərsə də cümlələrin quruluşundakı nöqsanlara əl gəzdirəcəyəm. Çalışacağam ki, siz dəyərli oxucularıma mümkün qədər qüsursuz, oxunaqlı məqalə təqdim edə bilim. Sağ olsunlar, texnologiyanı icad ediblər, biz də onun imkanlarından yararlanırıq. Amma bilirəm ki, hətta mənim bütün bu cəhdlərimdən sonra da hansısa xırda səhvlər qalır və onlar siz diqqətli oxucularımın nəzərindən qaçmır. Ümid edirəm ki, həmin səhvlərə görə məni qınamırsız.

Bəzi peşə sahibləri var ki, onların səhvlərinin fəsadları daha ağır olur. Həm də ki, onların səhvlərini bizimki kimi klavyaturanın düymələrini irəli-geri basmaqla düzəltmək olmur. Cərrahlar, sürücülər, hərbiçilər... bir də ki, futbol hakimləri. Futbol son illərdə xeyli sürətlənib. Biz bu sürətli oyundan hər nə qədər zövq alırıqsa, bu sürət artdıqca hakimlərin işi qəlizləşir. Çünki meydanda ədaləti qorumalı olan hakimlər saniyələr içində qərar verməli, oyunun gedişatına müdaxilə etməlidirlər. Bəzən də bu sürətin fonunda səhvlər də qaçılmaz olur. Zaman-zaman həmin səhvləri də futbolun ayrılmaz hissəsi kimi qəbul etməli olmuşuq.

Texnologiyanın inkişafı futboldan da yan keçməyib. Hakim səhvlərini minimuma endirmək üçün VAR sisteminin tətbiqinə başlanılıb. Əvvəl müdaxilə imkanları məhdud və ən zəruri hallarda olan VAR sistemi bu yay keçirilən dünya çempionatından sonra öz əhatə dairəsini genişləndirib. Artıq VAR-da oturanların künc zərbəsinə qədər müdaxilə etmək səlahiyyətləri var. Təəssüflər olsun ki, VAR-ın səlahiyyətləri günü-gündən artsa da, hakim səhvlərindən tamamilə qurtulmaq mümkün olmayıb. Əvvəlki qədər olmasa da, yenidən hakim səhvləri yaşanır, kiminsə xeyrinə olan bu səhvlər başqasının ziyanına olur, oyunun nəticəsinə də təsir edir.

Bazar günü İngiltərədə “Mançester derbisi” keçirilirdi. Şamaxıda da “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edirdi. İngiltərədəki oyunun hakimi tanınmış FİFA referisi Maykl Oliver idisə, Şamaxıdakı qarşılaşmada bizim FİFA referimiz Elçin Məsiyev söz sahibi idi. Təəssüflər olsun ki, hər iki FİFA referisi səhvə yol verib. Mançesterdəki oyunda “şəhərlilər” “qırmızı şeytanlar”ın qapısına oyundan kənar vəziyyətdən qol vurub. Oliver və onun köməkçiləri “ofsayt”a göz yumub, qolu qeydə alıblar. Elçin Məsiyev də “Turan Tovuz”un qapısına son dəqiqələrdə penalti təyin edib, bununla da nominal meydan sahibləri məğlubiyyətdən qurtulublar. Hər ikisi oyunun nəticəsinə təsir edən səhvdir.

Neynəmək olar? Nə Mayklı asıb-kəsməklə işlər düzələcək, nə də Elçini. Futbol varsa, səhv də olacaq. Bu yazılmamış qanun İngiltərədə necə “işləyirsə”, Azərbaycanda da o cürdür. Qonşu Türkiyədə də hər tur hakim səhvləri yaşanır, elə Rusiyada da. Bizim o iki qonşumuzdan fərqimiz odur ki, orda Hakimlər Komitəsinin rəhbərləri hər turdan sonra mübahisəli epizodları analiz edib, yeni müzakirələrə rəvac vermir. Hakimlərin səhvi daxili iclaslarda müzakirə edilir, özlərinə çatdırılır. Elə cəzalar da orda verilir. Təcrübə göstərir ki, hər turdan sonra hakim səhvlərinin ictimai müzakirəyə çıxarılması, bu səviyyədə etirafı yeni mübahisə və müzakirələr yaradır, hakimlər üçün təzyiqə çevrilir. Onsuz da bu yolla səhvlərin qarşısını almaq mümkün deyil. Çalışıb daha çox səviyyəli hakimlər yetişdirməli, bu sahədə rəqabət mühiti və şəffaflıq yaratmalıyıq. Bəlkə onda səhvləri daha da azaldıb, hakimlərimizə inamı artıra bilərik. Başqa yolumuz yoxdur.

P.S. “Turan Tovuz”a qarşı edilən hakim səhvləri, hər dəfəsində klubun bəyanat verməsi başqa söhbətin mövzusudur. Bu yazıya əlavə edib, mövzuları qarışdırmağı bir müəllif olaraq lazım bilmədim.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью