Mazarıda yeni tarix “bayquşlar” qarşısıalınmazdır

12.08.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında Azərbaycan futbolu adına yeni tarix yazdı. “Bayquşlar” turnirin pley-off mərhələsinə vəsiqə qazanan ikinci klub oldu. Daha əvvəl yalnız “Qarabağ” bunu bacarmışdı.

Ötən mövsüm Misli Premyer Liqasında çempionluq yaşayan, ölkə kubokunu başı üzərinə qaldıran “Sabah” uğurlarının təsadüfi olmadığını göstərdi. Çempionlar Liqasında 6 oyunda 5 qələbə qazanan və 1 dəfə uduzan “futuristlər”in növbəti tarixi yazması üçün cəmi iki oyun qalıb.

III təsnifatda Danimarka çempionu “Orhus”la düşəcəyi bilinəndə “bayquşlar”ı favorit hesab edən demək olar, yox idi. İlk növbədə ölkələrin çempionatları arasında səviyyə fərqi var. Danimarkada “Midtyulland”, “Kopenhagen”, “Brondbü” kimi komandalar müntəzəm avrokuboklarda çıxış edir. Azərbaycanda isə yalnız “Qarabağ” bunu bacarırdı.

İkinci məqam heyət fərqi idi. “Orhus”un “transfermarkt”da dəyəri 35.73 milyon, “Sabah”da isə təxminən iki dəfə azdır – 17.25 milyon avrodur. II təsnifatda Polşanın köklü klublarından “Lex”ə səfərdə 4 qol vuran və geridönüşlə III təsnifata yüksələn danimarkalıların Azərbaycan çempionunu da üstələyəcəyi deyilirdi. Lakin “bayquşlar” futbolun rəqəmlərlə deyil, meydanda oynanıldığını göstərdi.

Hər iki matçda üstün futbol sərgiləyən “Sabah” layiqli darmadağınla mərhələ adladı. Bakıdakı matçın ilk hissəsində rəqibini yoran, fasilədən sonra isə böyük qüvvə ilə “Orxus”u sıxan təmsilçimiz düz 4 cavabsız qolla mərhələ adladı. “Sabah” avrokuboklarda III təsnifatlarda bir hissəyə 4 qol vuran ilk komanda kimi də tarixə düşdü.

Valdas Dambrauskasın yetirmələrini qarşıda “Hapoel” (Beer Şeva) klubu ilə duellər gözləyir. İsrail təmsilçisi III təsnifatda özündən güclü “Srvena Zvezda”nı hər iki oyunda məğlub etməklə mərhələ adladı. Müdafiədə kompakt oyunu ilə seçilən “Hapoel” əks-hücumlarda da bir o qədər təhlükəlidir.

Cütün favoriti yoxdur. Hər iki kollektiv özündən güclü rəqibi məğlub etməklə pley-offa vəsiqə qazanıb. İsrail təmsilçisi siyasi vəziyyətlə bağlı oyunlarını ölkədən kənarda – Macarıstanda keçirir. Bu, “Sabah” üçün əlavə üstünlükdür. Cavab matçı da Bakıda olacaq və “bayquşlar” tarixi məhz azarkeşlərinin önündə yazmağa çalışacaq.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью