Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
İspaniyanın “Real Madrid” klubunun ulduzu Kilian Mbappe komanda yoldaşı Orelyen Tçuamenini zarafatyana ələ salaraq sosial şəbəkələrdə gündəm olub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, maraqlı hadisə “Real Madrid” və “Rasinq Santander” komandaları arasında keçirilən qarşılaşmada yaşanıb.
Matçın ikinci hissəsində Tçuameninin qapıya ünvanladığı güclü zərbə hədəfdən yayınaraq tribunada əyləşən azyaşlı azarkeşin başına dəyib. Gözlənilməz hadisədən qorxan uşaq ağlamağa başlayıb.
Oyundan sonra “Real Madrid” rəhbərliyi azyaşlı azarkeşi və atasını futbolçularla görüşməyə dəvət edib.
Uşaqla söhbət edən Mbappe komanda yoldaşının uğursuz zərbəsinə zarafatla münasibət bildirib.
“Günah Tçuamenidədir, o, zərbə vurmağı bacarmır!” – deyə fransalı ulduz gülərək bildirib.
Mbappenin bu sözləri ətrafdakılarda gülüş doğurub. Hadisənin görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Tçuameni isə azyaşlı azarkeşdən üzr istəyərək ona öz formasını hədiyyə edib. Futbolçular uşaq və atası ilə xatirə şəkilləri də çəkdiriblər.
Beləliklə, meydanda xoşagəlməz hadisə ilə başlayan epizod futbol ulduzlarının səmimi davranışı sayəsində maraqlı anlarla yadda qalıb.