Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
“McDonald’s” restoranlar şəbəkəsinə qarşı təzminat tələbinə dair ərizə ilə iddia qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, iddia Bakı şəhər Səbail rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, iddiaya hakim Şahin Abdullayev tərəfindən baxılıb. Hakim qeyd edib ki, ərizə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməyib. Bildirilib ki, iddiaçı ərizəsində “McDonald’s”dan təzminat tələbi ilə çıxış etsə də, tələbini konkret ifadə etməyib, yəni hansı məbləğdə təzminatın ödənilməsini tələb etdiyini konkret göstərməyib. Hakim bunu nəzərə alaraq ərizəni geri qaytarıb.
Məlumat üçün bildirək ki, “McDonald's Azərbaycan” QSC 1 mart 1999-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Səbail rayonu, Nizami, ev 340-da yerləşən QSC-nin nizamnamə kapitalı 2 milyon 845 min manat təşkil edir. QSC-nin qanuni təmsilçisi Oskar Boqopolskiy Vadimoviçdir.
Onu da bildirək ki, “McDonald's”ın Azərbaycandakı françayzinq sahibi 1968-ci ildə İranın paytaxtı Tehranda anadan olan Böyük Britaniya vətəndaşı Cavad Marandidir.
Marandinin biznes şəbəkəsinə “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” kimi məşhur moda və dizayn brendləri daxildir. Bundan başqa Marandi bir sıra otellərə də sahibdir.
Cavad Marandinin həyat yoldaşı Azərbaycanın tanınmış onkoloqu Əli Əlizadənin qızı Nərminə Marandidir (Əlizadə).
Nərminə Marandi də Böyük Britaniya vətəndaşıdır. O hazırda “Wickstead Gargiulo Limited” və “A.S.H.S. Limited” şirkətlərinin direktorudur.
Elnur Əli