Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İran MDB-yə tamhüquqlu üzv olmadan da təşkilatla geniş iqtisadi və siyasi əməkdaşlıq qura bilər. Tehranın “MDB+” formatında iştirak etmək təşəbbüsü isə regionda yeni geosiyasi və iqtisadi imkanlar yarada bilər.
“Yeni Sabah” xəbər verir ki, politoloq Turan Rzayev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, MDB-nin Baş katibi Sergey Lebedev İranın bu formatda iştirakçı statusu əldə edən ilk dövlət ola biləcəyini açıqlayıb. Onun sözlərinə görə, məsələ hazırda müzakirə olunur və təşəbbüs MDB üzvü olan ölkələr tərəfindən əsasən müsbət qarşılanıb. Elektronika məhsulları
Politoloqun sözlərinə görə, məsələnin gündəmə gəlməsi İran Prezidenti Məsud Pezeşkianın 2026-cı il oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində irəli sürdüyü təkliflə bağlıdır. Pezeşkian həmin sammitdə MDB ölkələri ilə İran arasında “MDB+1” adlı əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib. Bu formatın ticarət, investisiya, texnologiya, enerji və nəqliyyat sahələrində regional əməkdaşlığı genişləndirə biləcəyi vurğulanıb.
T.Rzayev qeyd edib ki, “MDB+” formatının yaradılması ilə bağlı qərar 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən sammitdə qəbul edilib. Mexanizm MDB üzvü olmayan dövlətlərin və beynəlxalq təşkilatların Birliklə əməkdaşlığa cəlb edilməsini nəzərdə tutur. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatına MDB yanında müşahidəçi statusu verilib.
Politoloq diqqətə çatdırıb ki, İranın bu təşəbbüsü qəbul olunarsa, Tehran MDB-nin yeni əməkdaşlıq mexanizmində iştirak edən ilk dövlət olacaq. Bununla belə, İranın MDB-yə tamhüquqlu üzv olması ilə “MDB+” formatında iştirak etməsi eyni məna daşımır.
Onun sözlərinə görə, tam üzvlük dövlətin təşkilatın nizamnaməsinə uyğun öhdəliklər götürməsini, institusional mexanizmlərdə iştirakını və qərarların qəbulunda tamhüquqlu tərəf olmasını nəzərdə tutur. “MDB+” isə daha çevik əməkdaşlıq modelidir. Bu format təşkilata üzv olmayan ölkələrə müəyyən istiqamətlər üzrə Birliklə əməkdaşlıq etmək imkanı yaradır.
T.Rzayev hesab edir ki, MDB bu mexanizmlə öz coğrafi və siyasi təsir dairəsini genişləndirməyə çalışır. Təşkilat yalnız keçmiş SSRİ respublikaları arasında əməkdaşlıq platforması olaraq qalmaq istəmir, ətraf regionların dövlətlərini də iqtisadi və siyasi gündəliyinə cəlb etməyə çalışır.
İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?
Politoloqun fikrincə, Tehranın bu təşəbbüsə marağı son illərdə regional əməkdaşlığın genişləndirilməsi, Avrasiya məkanına inteqrasiya və Qərbin sanksiyalarının iqtisadi təsirlərinin azaldılması siyasəti ilə əlaqədardır.
İran üçün əsas üstünlüklərdən biri MDB ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi ola bilər. Bu əməkdaşlıq ölkənin ixrac imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatı, sənaye və neft-kimya sahələrində yeni layihələrin həyata keçirilməsinə şərait yarada bilər.
Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. İranın coğrafi mövqeyi onu Avropa, Qafqaz, Mərkəzi Asiya, Fars körfəzi və Hind okeanı arasında mühüm tranzit ölkəyə çevirir. Xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Tehranın strateji maraqları baxımından əhəmiyyətlidir. MDB ölkələri ilə əməkdaşlığın dərinləşməsi İranın tranzit potensialını və yükdaşımaların həcmini artıra bilər.
T.Rzayev enerji əməkdaşlığının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, İran böyük neft və qaz ehtiyatlarına malikdir, MDB məkanında da enerji resursları ilə zəngin dövlətlər mövcuddur. Bu sahədə rəqabətlə yanaşı, qarşılıqlı əməkdaşlıq üçün də imkanlar var.
Politoloqun xatırlatdığına görə, Məsud Pezeşkian Avaza sammitində vahid enerji şəbəkəsinin yaradılması ideyasını da irəli sürüb. Bu yanaşma elektrik enerjisinin mübadiləsi, qaz və neft nəqli, enerji infrastrukturunun inkişafı və regional enerji bazarının formalaşdırılması baxımından yeni perspektivlər aça bilər.
Bundan başqa, maliyyə hesablaşmaları da İran üçün mühüm məsələlərdən biridir. Beynəlxalq maliyyə məhdudiyyətləri ilə üzləşən Tehran milli valyutalarla hesablaşmaların genişləndirilməsində, alternativ ödəniş mexanizmlərinin yaradılmasında və barter ticarətində maraqlıdır.
Beləliklə, politoloqun yanaşmasına görə, İranın “MDB+” formatına qoşulmaq təşəbbüsü sadəcə təşkilatla əlaqələrin genişləndirilməsi deyil, həm də Tehranın Avrasiya məkanında iqtisadi və geosiyasi mövqelərini gücləndirmək cəhdidir. Hazırda isə bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.