Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
"Azərbaycan maraqlarına uyğun olan bütün təşkilatlara üzv olur və bundan sonra da olacaq".
Bu fikirləri Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində fəaliyyəti, təşkilat daxilində əməkdaşlıq imkanları və Ermənistanla münasibətlərin gələcək perspektivləri barədə danışarkən bildirib.
O qeyd edib ki, Azərbaycan bu təşkilatlar daxilində həm öz məsələlərini həll edə, həm də həqiqətlərini dünyaya çatdıraraq digər dövlətlərlə əməkdaşlıq məsələlərini nəzərdən keçirə bilər.
Deputatın sözlərinə görə, MDB üzvü olan ölkələrlə bizim birgə əməkdaşlığımıza dair çoxsaylı nümunələr var.
A.Mirzəzadə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra Ermənistanla da müəyyən əməkdaşlıq nümunələri yaranıb:
"Sülh müqaviləsi paraflanıb və onun imzalanması üçün Azərbaycanın istəyi yalnız Ermənistan Konstitusiyasından bizə qarşı ərazi iddiasının çıxarılmasıdır. Ermənistan bunu edərsə, artıq müqavilə imzalanacaq. Amma ona qədər də biz xoş məramımızı göstəririk. Azərbaycan ərazisindən keçməklə Ermənistana yüklər daşınır, biz onlara yanacaq satırıq və göstəririk ki, İrəvanla yaxşı münasibətlərimizin bütün sahələrdə qurulması mümkündür. Əgər qərb qonşumuzdan real addımlar görsək, digər MDB üzvləri ilə olduğu kimi, Ermənistanla da yaxşı münasibətlər qurulacaq".
Deputat qeyd edib ki, Azərbaycan hərtərəfli əməkdaşlığa önəm verir və bunun içərisində regional əməkdaşlıq olduqca vacibdir:
"Ümumi Qafqaz evinin yaradılması regionda sülhün və əmin-amanlığın möhkəm təməlinin qoyulması üçün vacib şərtdir. Gürcüstanla, İranla, Rusiya ilə, həmçinin Türkiyə ilə yaxşı münasibətlərimiz var. Ermənistanla isə münasibətlərimiz artıq bu ölkənin bundan sonrakı atacağı addımlardan asılıdır. Hesab edirik ki, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanla hərtərəfli əməkdaşlığımız mümkündür".
A.Mirzəzadənin sözlərinə görə, əməkdaşlıq bütün sahələri əhatə edir:
"Bu, iqtisadi əməkdaşlıqdır, humanitar əlaqələrdir, mədəni əməkdaşlıqdır. Cənab Prezidentimiz Ermənistan lideri ilə Qırğızıstanda görüşərkən artıq parlamentlərarası əlaqələrin də yaradılması variantı müzakirə edildi. Qarşılıqlı şəkildə nümayəndə heyətlərinin səfərləri, hansısa məsələ ilə bağlı konkret ölkələrdən birində, hətta üçüncü ölkədə görüşməyimiz tamamilə mümkündür. Bir sözlə, artıq Ermənistanla birgə gedəcəyimiz yolun böyük bir hissəsini qət etmişik. Ümid etmək istərdik ki, hədəfimizə çatacağıq".
Deputat qeyd edib ki, Azərbaycan yalnız MDB çərçivəsində deyil, digər beynəlxalq təşkilatlarda da vaxtaşırı qeyd-şərtlər irəli sürür:
"Bu, bizim milli maraqlarımızdan, hansısa məsələyə xüsusi münasibətimizdən irəli gəlir və milli maraqlarımıza uyğun olaraq bundan sonra da bu praktika davam edəcək".
A.Mirzəzadə Azərbaycanın MDB-də fəal iştirak etdiyini də bildirib:
"Bütün təşkilatlarda olduğu kimi, Müstəqil Dövlətlər Birliyində də bizim fəal iştirakımız var. Milli maraqlarımıza, suverenliyimizə zərər vurmayan bütün məsələlər üzrə fəaliyyət göstəririk və fəaliyyət göstərəcəyik. Bu, həm dövlət başçısı, həm ölkə rəsmiləri, həm də cəmiyyət nümayəndələri səviyyəsində baş verir. Hesab edirik ki, istənilən xarici əlaqələrimizin son məqsədi Azərbaycanın daha qüdrətli olması və onun maraqlarının qorunmasıdır".
Deputat MDB-nin gələcək perspektivlərinə də toxunub:
"MDB regional təşkilatdır və 30 ildən çoxdur ki, bu təşkilatın fəaliyyət göstərməsi onun müəyyən perspektivinin olduğunu göstərir. Format müəyyən qədər dəyişə bilər, yanaşmalar bir qədər fərqli ola bilər. Əgər bu gün üzv ölkələrin tələblərinə cavab verərsə, bundan sonra da yaşaya bilər".