Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Mingəçevir Dövlət Universiteti beynəlxalq ali təhsil məkanında növbəti mühüm uğura imza atıb. Universitet dünyanın nüfuzlu ali təhsil analitika şirkətlərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən həyata keçirilən ali təhsil müəssisələrinin tədris keyfiyyətini, beynəlxalq fəaliyyətini, işəgötürənlər arasında nüfuzunu, idarəetmə sistemini, infrastrukturunu və dayanıqlı inkişaf göstəricilərini müxtəlif meyarlar əsasında dəyərləndirən QS Stars beynəlxalq qiymətləndirmə sistemində dörd əsas istiqamət üzrə ən yüksək nəticəyə — 5 ulduza layiq görülüb.
Universitetin beynəlxalq qiymətləndirmədə əldə etdiyi bu nailiyyət tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir idarəetmə mexanizmlərinin tətbiqi, inklüziv akademik mühitin inkişafı və məzunların məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən sistemli fəaliyyətin mühüm göstəricisidir.
MDU aşağıdakı dörd istiqamət üzrə maksimum nəticə əldə edib:
Tədris (Teaching) — 5 ulduz
Universitetdə tədrisin keyfiyyəti, tələbəyönümlü akademik mühitin formalaşdırılması, professor-müəllim heyətinin peşəkarlığı və təhsil prosesinin davamlı təkmilləşdirilməsi beynəlxalq qiymətləndirmədə ən yüksək nəticəyə layiq görülüb.
Müxtəliflik, bərabərlik və inklüzivlik (Diversity, Equity & Inclusion) — 5 ulduz
Tələbələr və əməkdaşlar üçün bərabər imkanların yaradılması, müxtəlifliyə hörmət, sosial inklüzivliyin təşviqi və əlçatan akademik mühitin təmin edilməsi istiqamətində universitetin fəaliyyəti maksimum nəticə ilə qiymətləndirilib.
Yaxşı idarəetmə (Good Governance) — 5 ulduz
Şəffaflıq, hesabatlılıq, strateji planlaşdırma, institusional inkişaf və nəticəyönümlü idarəetmə prinsiplərinə əsaslanan müasir universitet idarəetmə modeli beynəlxalq qiymətləndirmədə ən yüksək göstəriciyə nail olub.
Məşğulluq (Employability) — 5 ulduz
Məzunların əmək bazarına inteqrasiyası, karyera inkişafı imkanlarının genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı və işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyət yüksək qiymətləndirilib.
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində ilk iştirakında ümumilikdə 4 ulduz nəticəsi əldə edib. Bu göstərici universitetin institusional inkişafı, beynəlxalq rəqabətqabiliyyətliliyinin artırılması və qlobal ali təhsil məkanına inteqrasiyası baxımından mühüm nailiyyət hesab olunur.
Əldə edilən nəticə MDU-nun QS Stars qiymətləndirmə sistemində təmsil olunan Azərbaycan ali təhsil müəssisələri arasında yüksək göstəricilər nümayiş etdirdiyini təsdiqləyir. Xüsusilə paytaxtdan kənarda fəaliyyət göstərən universitetlərdən biri kimi dörd istiqamətdə maksimum nəticənin əldə olunması regional ali təhsilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bu uğur Mingəçevir Dövlət Universitetinin 2030-cu ilədək strateji inkişaf hədəfləri çərçivəsində həyata keçirilən institusional islahatların, keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsinin, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin və universitet–sənaye tərəfdaşlığının gücləndirilməsinin nəticələri ilə səsləşir.
Universitetdə müasir tədris infrastrukturunun inkişaf etdirilməsi, tələbəyönümlü yanaşmaların tətbiqi, akademik və inzibati idarəetmənin təkmilləşdirilməsi, eləcə də əmək bazarı ilə əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər beynəlxalq qiymətləndirmə nəticələrində öz əksini tapıb.
Mingəçevir Dövlət Universitetinin əldə etdiyi bu nailiyyət bütövlükdə universitet kollektivinin birgə əməyinin, məqsədyönlü fəaliyyətinin və ortaq strateji hədəflərə sadiqliyinin nəticəsidir. Bu münasibətlə uğurun qazanılmasında əməyi olan professor-müəllim heyətinə, inzibati və akademik strukturların əməkdaşlarına, tələbələrə, məzunlara və universitetin inkişafına töhfə verən bütün tərəfdaşlara dərin minnətdarlıq bildirilir.
QS Stars beynəlxalq qiymətləndirməsində əldə edilən nəticələr Mingəçevir Dövlət Universitetinin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin davamlı yüksəldilməsi və gələcəkdə daha yüksək göstəricilərə nail olunması istiqamətində yeni imkanlar yaradır.
Mingəçevir Dövlət Universiteti keyfiyyətli təhsil, müasir idarəetmə, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq strateji hədəflərinə doğru inamla irəliləyir.