Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Azərbaycan dünyəvi dövlətdir. Şagirdlər üçün ümumi məktəb paltarı nəzərdə tutulub. Gərək burada yaşayan hər bir valideyn dövlət qanunlarını nəzərə alsın. Dində isə məcburiyyət yoxdur. Uşaq ya böyük olsun, öz istəyi və könlü ilə hansısa dinə inana, ibadət edə, geyimini müəyyən edə bilər. Hicab örtmək məsələlərində də gərək diqqət olunsun".
Bunu Redaktor.az-a ilahiyyatçı Tural İrfan azyaşlıların könülsüz formada hicab taxmalarından danışarkən qeyd etdi.
"Əslində azyaşlı qızlar və oğlanlar da həddi buluğa çatmalı, Quran təbiri ilə desək "rüşd" həddinə yetişməlidir ki, tam anlaya, qavraya bilsinlər. Dinin heç bir yerində uşaqları zorla, təhdid edərək başını bağlatmaq yoxdur. Bu, sonralar dinə qarışmış mövhumat, radikalizm, xurafat və siyasi təsirlərin nəticəsində meydana gəlib ki, Əfqanıstan, İran kimi zor tətbiq edirlər. Lakin İslamın öz əsl mahiyyətinə baxsaq orada məcbur etmə görmürük. Buradan aydın olan odur ki, ölkəmizdəki dindar valideynlərin bəziləri mötədil və ənənəvi İslamı deyil, xarici təsirlərdən qaynaqlanan inancı mənimsəyib. Belə hallarda da ziddiyyət yaranır. Sovet vaxtı orta məktəblərdə hicab yox idi, məgər təhsil alan qadınlar hansısa günaha yol verirdi? Əlbəttə xeyr. Əksinə o zaman əxlaq, ədəb, dəyərlər daha müsbət şəkildə yaşadılırdı. Orta məktəb dini inanc nümayişi yox, təhsil və tədris məkanıdır. Ona görə övladının təhsil almasını istəyən valideyn gərək yaşadığı dövlətin qanunlarına əməl etsin. Hətta dində belə qayda var ki, zaman və məkana görə, məcbur qaldıqda bəzi dini ehkamlara əməl etməyi təxirə salmaq da olar", - deyə o, əlavə etdi.
Aytəkin TOFİQQIZI