Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Gununsesi.info-ya danışan ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov parlamentdə müzakirə olunan bu yanaşmanı ümumən doğru hesab edib:
“Mən belə düşünürəm ki, uşağın dinə məcbur edilməsi nə İslama uyğundur, nə də sağlam tərbiyəyə. Din insanın şüurlu seçimi olmalıdır, qorxu və təzyiqin nəticəsi yox.
Quranda bu prinsip çox aydın qoyulub. “Dində məcburiyyət yoxdur” ayəsi təsadüfi bir cümlə deyil, iman anlayışının özülüdür. İman məcburiyyətlə deyil, dərk etməklə yaranır. Başqa bir ayədə isə bildirilir ki, həqiqət Rəbbdəndir, istəyən iman gətirsin, istəməyən inkar etsin. Bu, Allahın insan iradəsinə verdiyi dəyərin açıq ifadəsidir. Uşaq isə hələ dərk mərhələsindədir. Onun qəlbinə zorla “iman” adı ilə qorxu salmaq, əslində dini sevdirmək yox, dindən soyutmaqdır.
Peyğəmbərin həyatına baxanda da eyni mənzərəni görürük. O, insanları məcbur etmirdi, izah edirdi. Qorxutmurdu, düşündürürdü. Hədislərdə buyurulur ki, asanlaşdırın, çətinləşdirməyin, müjdələyin, nifrət etdirməyin. Bu sözlər tərbiyənin ruhunu göstərir. Uşaq namazı, orucu, dua etməyi zorla yox, mərhəmətlə öyrənməlidir. Əks halda din onun şüurunda sevinc yox, yük kimi formalaşacaq.
Klassik alimlər də bu məsələdə eyni mövqedə olublar. İmam Qəzzali yazırdı ki, uşağın qəlbi təmiz lövhə kimidir, ora yazılan ilk sözlər onun bütün həyatına təsir edir. Əgər din qorxu dili ilə təqdim edilərsə, uşaq Allahı sevən varlıq kimi yox, cəzalandıran qüvvə kimi tanıyacaq. İbn Xəldun isə qeyd edirdi ki, zorakılıqla verilən tərbiyə şəxsiyyəti sındırır, ikiüzlülük yaradır. Bu gün psixologiya da bunu təsdiqləyir. Məcburi dini tərbiyə ya gizli nifrət yaradır, ya da formal, mənasız dindarlıq ortaya çıxarır”.
İlahiyyatçı vurğulayıb ki, müasir pedaqogika və uşaq psixologiyası da eyni xətti göstərir:
“Uşaq sual verə bilməlidir. Şübhə edə bilməlidir. Müqayisə etməlidir. Din bu mərhələdə qadağalar sistemi kimi yox, dəyər sistemi kimi təqdim olunmalıdır. Doğruluq, mərhəmət, ədalət, vicdan anlayışları dini terminlərlə yox, həyat nümunələri ilə izah edilməlidir. Əks halda uşaq böyüyəndə ya dindən qaçacaq, ya da onu yalnız ad olaraq daşıyacaq.
Valideynlərin uşaqlarını öz dini baxışlarına uyğun tərbiyə etmək hüququ var. Bu, təbiidir. Amma bu hüquq məcburiyyətə çevriləndə artıq tərbiyə yox, təzyiq olur. Uşağa “sən belə inanmalısan” demək əvəzinə “biz belə inanırıq, sən də öyrən, düşün, başa düş” demək daha sağlamdır. Din ailədə zorla qəbul etdirilən qanun yox, sevə sevə öyrədilən dəyər olmalıdır.
Bu baxımdan layihədə irəli sürülən yanaşma həm hüquqi, həm dini, həm də mənəvi baxımdan əsaslıdır. Uşağın vicdan azadlığı anlayışı kağız üzərində yox, real həyatda qorunmalıdır. Çünki bu gün məcbur edilən uşaq sabah ya etiraz edən gənc olacaq, ya da içində boşluq daşıyan “formal mömin”.
Mənim mövqeyim aydındır. Din məcburiyyətlə yox, maariflə yayılmalıdır. Uşaq qorxu ilə yox, sevgi ilə yetişdirilməlidir. İman əmr yolu ilə yox, dərk yolu ilə qurulmalıdır. Dövlətin də, ailənin də məqsədi dindar görünən nəsil yox, düşünən və vicdanlı nəsil yetişdirmək olmalıdır. Bu müzakirənin əsas qazancı da məhz budur.
Nə qədər məcbur dinə cəlb edilən uşaqlar tanıyıram ki, onlar böyüyəndə xoşagəlməz vərdişlərə yiyələnir və dünyagörüşləri dar çərçivədə qalır. Müasir elmdən uzaq düşürlər. Uşağa dini məcbur etmək yox, dini sevdirmək əsasdır. Çünki sevilən din qalıcı olur, qorxudulan din isə bir gün tərk edilir.
İndi cəmiyyətdə bu barədə çox qarışıqlıqlar olduğu üçün valideynlər uşaqlarını düzgün yönləndirə bilmirlər. Belə halda ən yaxşı uşaqları öz düşündüklərini deməyə yönləndirmək, onlara sərbəstlik vermək, onlara dinin gözəlliklərini elmi şəkildə izah etmək, onların özlərini yönləndirmək lazımdır ki, doğru ilə səhvi özləri seçib nəticə əldə edə bilsinlər. Mən nə qədər dinə məcbur edilmiş uşaqlar tanıyıram ki, onlar böyüdükdən sonra səhv istiqamətlərə yonəlirlər. Valideyndən gizlin bəzi xoşagəlməz vərdişlərə yonəlirlər. Ona görə də uşaqları elmə, təhsilə, oxumağa, aydınlanmağa yönəltmək daha məqsədə uyğundur. Onsuzda özü müəyən yaşdan sonra öz seçimini edəcəkdir”.
Şəbnəm Rəhimova