Mədə yanmasının qarşısını necə almaq olar? Həkimdən AÇIQLAMA

27.01.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yeməkdən sonra qısa müddətli gəzinti mədə yanmasının yaranma riskini azalda və həzmi yaxşılaşdıra bilər.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-li qastroenteroloq həkim Cozef Salhab "Indian Express" nəşrinə açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, mədə yanması və turşu reflüksü ilə tez-tez qarşılaşan şəxslər yeməkdən dərhal sonra uzanmamalı və uzun müddət hərəkətsiz qalmamalıdır. Hətta 10 dəqiqəlik yüngül və sakit gəzinti belə mədənin daha tez boşalmasına, qida və turşunun emal prosesinin sürətlənməsinə kömək edir.

Cozef Salhab qeyd edib ki, yerimək mədə-bağırsaq sisteminin fəaliyyətini stimullaşdırır, qidanın və həzm məhsullarının bağırsaqlar boyunca irəliləməsini asanlaşdırır. Bu isə mədə möhtəviyyatının qida borusuna geri qayıtma ehtimalını azaldır, eyni zamanda köp və ağırlıq hissinin qarşısını alır.

Həkimin sözlərinə görə, oturaq vəziyyətdə həzm prosesi ləngiyir və mədədəki turşunun qida borusuna keçməsi daha asan baş verir ki, bu da mədə yanmasına səbəb olur. Xoşagəlməz hisslər xüsusilə yeməkdən sonra, önə əyilərkən və ya uzanmış vəziyyətdə daha da güclənir. Yüngül fiziki aktivlik isə həzm sisteminin normal işləməsini dəstəkləyir və həssas mədəsi olan insanlar üçün sadə, lakin effektiv profilaktik tədbir hesab olunur.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью