Mədəaltı vəzi xərçənginin 7 əlaməti AÇIQLANDI

23.11.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Mədəaltı vəzi xərçəngini erkən mərhələdə aşkar etmək çətin olur. Xəstəlik çox vaxt aydın simptomlar olmadan inkişaf edir və ilk nəzərəçarpan əlamətlər şiş yayıldıqdan sonra ortaya çıxa bilər.

Redaktor.az xəbər verir ki, bu barədə “Mirror” nəşri Cənubi Karolina Tibb Universitetinin alimlərinin tövsiyələrinə istinadən məlumat yayıb.

Məlumata görə, xəstəliyin əsas əlamətlərindən biri dərinin və göz ağlarının saralmasıdır. Bu, şişin ödün normal axmasına mane olması nəticəsində yaranır. Eyni səbəbdən nəcisin rəngi qeyri-adi dərəcədə açıq, sidiyin rəngi isə tünd ola bilər.

Həkimlərin sözlərinə görə, qarının yuxarı və ya orta hissəsində yaranan, bəzən kürəyə yayılan ağrılar da diqqət edilməli əlamətlərdəndir. Bundan başqa, səbəbsiz çəki itkisi, davamlı yorğunluq və iştahanın azalması da mədəaltı vəzi xərçənginin mümkün simptomları sırasındadır.

Bununla belə, sadalanan əlamətlər mütləq xərçəng xəstəliyinin mövcudluğunu göstərmir. Onlar digər xəstəliklər zamanı da müşahidə oluna bilər. Lakin belə dəyişikliklər yarandıqda həkimə müraciət etmək və müayinədən keçmək vacibdir.

Mütəxəssislər bildirirlər ki, mədəaltı vəzi xərçənginin diaqnostikası çətindir və xəstəlik çox vaxt gec mərhələdə aşkarlanır. Bu diaqnozu alan pasiyentlərin təxminən dörddə biri ən azı bir il yaşayır, beşillik sağqalma göstəricisi isə 5 faizdən yüksəkdir.

Qeyd olunur ki, yaş artdıqca mədəaltı vəzi xərçənginin yaranma riski də yüksəlir. Siqaret çəkmək, alkoqoldan həddindən artıq istifadə, piylənmə və fiziki aktivliyin az olması risk amilləri hesab edilir. Qırmızı ətin çox miqdarda qəbulu da riski artıra bilər. Xüsusilə ətin yüksək temperaturda qızardılması, hisə verilməsi, eləcə də tərkibinə nitrit və nitrat kimi konservantların əlavə edilməsi hüceyrələrin DNT-sinə zərər verə bilən birləşmələrin yaranmasına səbəb ola bilər.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью