Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paris, 8 oktyabr, AZƏRTAC
Fransa Sahibkarlar Hərəkatının (Medef) rəhbəri Patrik Martən ölkənin maliyyə vəziyyətinin ciddi olduğunu bildirərək, dövlət xərclərinə daha ciddi nəzarət edilməsinə çağırıb. O, xüsusilə sosial təminat sistemləri və pensiyalar sahəsində zəruri qənaət tədbirlərinin görülməli olduğunu vurğulayıb.
AZƏRTAC xəbər verir ki, LCI telekanalına müsahibəsində Martən Fransanın maliyyə vəziyyətinin artıq “sümüyə qədər” gəlib çatdığını və maliyyə bazarlarının bunu ölkəyə hər gün xatırlatdığını bildirib. Onun sözlərinə görə, 2027-ci il büdcəsi ərəfəsində siyasətçilər qənaət tədbirlərinə dair lazımi qədər təklif verməyiblər. Medef rəhbəri daha çox dövlət xərclərinin vəziyyətin əsas həlli olması fikrini də rədd edib. O, siyasi liderləri ölkənin real vəziyyətini qəbul etməyə, uzaqgörənlik və cəsarət nümayiş etdirməyə çağırıb.
Martən, həmçinin gənclərin məşğulluğu məsələsinə diqqət çəkib. Onun fikrincə, Fransanın təhsil sistemi əmək bazarının reallıqlarından getdikcə uzaqlaşır və gənclərə gələcəkdə hansı peşələrə tələbatın artacağı, hansılarının isə təhlükə altında olduğu barədə daha çox məlumat verilməlidir.
O bildirib ki, şirkətlər bu istiqamətdə öz töhfələrini verməyə hazırdır və gənclərə yalnız perspektiv deyil, həm də gələcəyə ümid verilməlidir.