MƏDƏNİ NARAZILIQ... Yazıçı Anar kimdən kimə şikayət edir?

16.11.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prinsiplər maraqlara qurban veriləndə belə olur…

“İqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür, amma mədəniyyətimiz o səviyyədə deyil”.

Bunu AYB sədri Anar Rzayev Milli Məclisin Mədəniyyət komitəsinin Bülbül Fondunda təşkil etdiyi ictimai dinləmədə bildirib.

“Mən hərdən baxıram xarici turistlərin danışdıqlarına, deyirlər ki, lülə-kabab dadlıdır, şəkərbura ondan da dadlıdır. Azərbaycan bu deyil axı! Azərbaycanı elə edək ki, turistlər muzeylərimizin qarşısında dayansınlar, bizim kitablarımızı oxusunlar”, - deyə Anar Rzayev qeyd edib.

Qocaman yazıçımızın iradını bölüşməmək olmur. Azərbaycan doğrudan da lülə-kababdan və şəkərburadan, ümumiyyətlə, mətbəxdən ibarət deyil və mədəniyyətimizdə, eləcə də Anarın demədiyi elm, təhsil və bir çox digər sahələrimizdə vəziyyət, yumşaq desək, heç də əla deyil…

Lakin maraqlıdır, görəsən, hörmətli yazıçımız kimdən kimə şikayət edir?

Azərbaycan Prezidenti haqlı olaraq son çıxışılarının birində demişdi ki, “İdeoloji risklər fiziki risklər qədər təhlükəlidir”.

O da məlumdur ki, mədəniyyət ideologiyanın tərkib hissəsidir və bu sahədəki boşluqlar sözsüz ki, gələcəyimiz üçün ciddi təhlükələr yaradır.

Bəs yazıçı Anarın sonuncu dəfə mədəniyyətimiz, incəsənətimiz, teatrımız, kinomuz, televiziyalarımız və s. barədə hansı çıxışına, məqaləsinə, tənqidinə, çağırışına və bütün bu problemlərin həlli ilə bağlı təklifinə - bir sözlə, açıq, cəsarətli ziyalı mövqeyinə rast gəlmisiniz?

Təəssüf ki, son illər Anarın adına bir çox hallarda ya Yazıçılar Birliyinin hansısa qurultayında, ya ev bölgüsü ilə bağlı qalmaqallı xəbərlərdə, ya da başqa yazıçılarla, şairlərlə qarşılıqlı ittihamlarda, dedi-qodularda rast gəlmişik. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” ilə bir yerə qədər getmək olar, bəs oradan o tərəfi necə olsun? Göydələnlər dövründə 6-cı mərtəbədə ilişib qalmaq və sonra da mədəniyyətin geri qalmasından şikayət etmək bir ziyalını o qədər də cəlbedici etmir...

Əsil ZİYALI ACLIĞI yaşayan toplumun, xüsusilə də sovetlərdən müstəqilliyə bütöv bir keçid dövrünü təmsil edən Anar və onun kimi digər yazıçılardan, ziyalılardan, elm və mədəniyyət xadimlərindən gözləntiləri, istəyi tamamilə başqadır.


Bu keçid dövründə xüsusilə mədəniyyət sahəsində Rəşid Behbudovun, Şövkət Ələkbərovanın xalq artstliyindən Röyanın, Miri Yusifin xalq artistliyinə, Tofiq Quliyevin, Elza İbrahimovanın bəstəkarlığından Elza Seyidcahanın bəstəkarlığına, İsi Məlikzadə, Əli Kərim ədəbiyyatından filankəs “qaraçuxurlu”, beşmənkəs “nasosnu” meyxanasına xoşagəlməz bir keçid etdik. Əbülfəs Qarayev kimi Kukla Teatrından belə korrupsiya cinayəti çıxan Mədəniyyət naziri gördük…

Onun və onun kimilərin fəaliyyətinin, eləcə də bütünlükdə ziyalı biganəliyinin nəticəsidir ki, bu gün “ictimai rəy liderləri” ya aşpaz, səyahət, şou, dedi-qodu bloqerləri, ya da adını “jurnalist”, “bloqer” qoyub çığır-bağırla millətin arasına nifaq, məzhəbçilik, hətta regionçuluq salan – kişi kimi danışan qadınlar və qadın kimi danışan kişilərdir. Kimsə deyə bilər ki, bu, təkcə Azərbaycana aid tendensiya deyil, bütün dünyada zövqlər, tələblər, baxışlar dəyişir. Bəli, elədir. Amma bizim cəmiyyətin böyük hissəsi hələlik o qədər zövqsüz, savadsız, bərbad vəziyyətdə deyil ki, onun “ictimai rəy liderləri” yuxarıda bəhs etdiyimiz “qəhrəmanlar” olsunlar. Sadəcə, meydan bilərəkdən, yaxud bilmədən belələrinin ixtiyarına verilib və bu vəziyyətin yaranmasında maddi təminatlarını digər dəyərlərin üzərinə çıxaran ziyalıların - “kollektiv Anar”-ın məsuliyyəti olduqca yüksəkdir…

Azərbaycan ədəbiyyatının hələ SSRİ-nin ən kəskin dövrlərində Məmməd Araz, Bəxtiyar Vahabzadə, Mirzə İbrahimov və digər çoxsaylı təmsilçiləri olub ki, öz şəxsiyyətlərilə seçiliblər, Azərbaycan insanının səsini, ruhunu, mövqeyini, fikrini, ən yüksək mərtəbələrə və dünyaya çatdırıblar. İndi belə nümunələr nə qədərdir?

Bu günlərdə Azərbaycana gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 15-20 il əvvəl də ölkəmizə səfərində Bəxtiyar Vahabzadənin şeirlərini deyirdi, bu gün də onun misralarını deyir. Niyə? Ədəbiyyatımız daha bu cür şairləri, yazıçıları, ideya adamlarını yetişdirə bilmirmi? Bilmirsə, niyə bilmir, yox, bilirsə, niyə onlar üzə çıxarılmır?

Əlbəttə, iddia etmək olmaz ki, ədəbiyyatımızın vəziyyətinin ölçü vahidi məhz bu səfərlərdə deyilən şeirlər olmalıdır. Xeyr. Lakin bunsuz da vəziyyət ortadadır – insanlarımızın inandığı, səmimi olaraq millət, xalq təəssübkeşliyi gördüyü, sözünə, fikrinə, mövqeyinə hörmət etdiyi yazıçılar, şairlər, eləcə də elm və mədəniyyət xadimləri – bir sözlə ziyalılar barmaqla sayılacaq qədər azdır.

Bəli, Anar, əslində, əvvəldə qeyd etdiyimiz mədəniyyətlə bağlı fikirlərində tamamilə haqlıdır. Lakin kənara çəkilib ayda-ildə bir dəfə həqiqətə bənzəyən nəsə deməklə iş bitmir. Hətta sınmış, əqrəbləri dayanmış saat belə, gündə iki dəfə vaxtı düz göstərir. 

Odur ki, ziyalılarımızın həqiqətləri daha tez-tez dilə gətirməsi, problemləri və onlardan çıxış yollarını göstərməsi lazımdır. Bunları zamanında etmədiyiniz üçün bu gün mədəniyyətin vəziyyətindən şikayətlənməyə də dəymir, Anar müəllim. Çünki prinsiplər maraqlara qurban veriləndə belə olur…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью