525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Mədəniyyət Konsepsiyası dövlətin strateji planlaşdırma sənədidir. Bu sənədi zəruri edən əsas amillər qalib, vahid Azərbaycan milli kimliyi, qlobal və ölkədaxili çağırışlardır”.
525.az xəbər verir ki, bu sözləri “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyasının təqdimatına həsr olunmuş sessiyada İşçi qrupunun üzvü Nazlı Əhmədova deyib.
Mövzu ilə bağlı geniş təqdimatla çıxış edən N.Əhmədova bildirib ki, Konsepsiya Milli mədəniyyət modeli və mədəniyyətin dəqiq müəyyən edilmiş Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənət və mədəni irs kimi 6 əsas sahəsini əhatə edəcək ki, onlardan ilk 3-ü ilk dəfədir təmsil olunur.
Onun sözlərinə görə, Konsepsiya 8 fəaliyyət istiqaməti üzrə 6 sahəvi dövlət proqramı vasitəsilə 3 mərhələdə icra olunacaq. Həmin 3 mərhələ bu cür təsnif edilir:
• 2026-2030,
• 2031-2035,
• 2036-2040-cı illər.
“2026-2030-cu illər üzrə fəaliyyət istiqamətləri ilə bağlı mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi və Azərbaycan mədəniyyət dəyərləri üzrə fənlərin tədrisi, Mədəniyyət sahəsində dövlət informasiya resurslarının birləşdirilməsi və vahid kommunikasiya siyasəti, Dövlət mədəniyyət müəssisələrinə işə qəbul qaydalarının təkmilləşdirilməsi, Milli kino fondunun və dövlət TV-radio arxivlərinin tam rəqəmsallaşdırılması, Əlilliyi olan şəxslər üçün mədəni tədbirlərə əlçatanlığın təmin edilməsi və sair kimi institusional islahatlar nəzərdə tutulur”, - deyə N.Əhmədova əlavə edib.
Həmçinin, sessiyada jurnalistlərin suallarını cavablandıran N.Əhmədova bildirib ki, Azərbaycanda “milli-mənəvi dəyərlər” anlayışına dəqiq tərif veriləcək və müvafiq siyahı hazırlanacaq. Onun sözlərinə görə, hazırda bu anlayış açıq qaldığı üçün yeni sənəd çərçivəsində milli-mənəvi dəyərlərin mahiyyəti konkretləşdiriləcək.
Şahanə Müşfiq