Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edib. "Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib.
Qəbul edilən dəyişikliklərə əsasən, Azərbaycandakı dövlət teatrlarında baş rəssam və bədii rəhbər ştatları da ləğv edilib, bir sıra texniki vəzifələr isə yeni adlarla adlandırılıb.
Uzun müddətdir teatrlarda tamaşa hazırlayan Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov bu qərarı necə qarşılayıb? O bildirib ki, teatrlar bundan sonra baş rejissorsuz fəaliyyət göstərəcək:
"Hər bir teatrın direktoru tam sərbəst, kollegial şəkildə teatrı idarə edəcək. Yəqin ki, bu belə olacaq. Rejissorların necə fəaliyyət göstərəcəyini bilmirəm. Bu əvvəllər də belə olub, teatrları direktor idarə edib. Baş rejissor yaradıcı heyətə rəhbərlik edib. İndi daha bu sistem lazım deyil. Direktor teatrın bədii şurası ilə birlikdə teatrı idarə edəcək".
Bəhram Osmanov bu qərarın 20 ildir düşünüldüyünü vurğulayıb:
"Məsələn, bu gün 26 dövlət teatrı var və onların hər birində yaxşı, tanınan, işi bilən baş rejissor, üstəlik, onun da yanında bir nəfər quruluşçu rejissor olmalıdır. Bu da oldu 52 nəfər. Bizdə heç bir zaman 52 rejissor olmayıb. 150 illik teatr tarixində heç zaman olmayıb ki, 26 dövlət teatrının yaxşı baş rejissoru, eyni zamanda onun yanında quruluşçu rejissoru işini bilən olsun, kimlərsə ondan öyrənsin. Olmayıbsa, onda bu nəyə və kimə lazımdır?”.
Bəhram Osmanov bu addımı teatrın gələcək forması hesab edir:
"Mənim nəzərimdə bu, faciə deyil. Yenə kimlərsə varsa, hamısı işləyəcək, tamaşalar qoyacaq. Mən bu günə kimi heç bir teatra əsər aparmamışam, deməmişəm ki, buna quruluş verim. Onlar təklif edib, mən də hazırlaya biləcək tamaşaların adlarını demişəm. İndi də çağıracaqlarsa, gedəcəyəm, çağırmayacaqlarsa, getməyəcəyəm. Biz bütün dünya sistemini öyrənib ona doğru inteqrasiya ediriksə, niyə də olmasın? Dünyanın çox teatrlarında baş rejissor yoxdur. Teatrlara menecerlər rəhbərlik edir”.
Bəhram Osmanovun sözlərinə görə, teatrlarda baş rejissor bədii lider idi:
"Bu gün bədii lider yoxdursa, deməli, baş rejissor yoxdur”.
Bahar Rüstəmli