Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu günlərdə yolum Ramanı qalasına düşmüşdü. Düşünürdüm ki, qaladan reportaj hazırlayaram. Qalanın qapıları bağlı olduğu üçün ətrafında gəzinməli oldum. Yenə də diqqətimi mədəniyyətdən xəbərsiz olan mədəniyətsizlərin “yaradıclıq” işləri çəkdi. Qalanın divarına ürək işarəsi niyə çəkilməlidir ki? Və yaxud qala divarına sevgi sözləri, adlar, müxtəlif işarələr niyə cızılmalıdır ki?
Əgər özünüzü tarixə yazmaq istəyirsinizsə, yol bu deyil, çalışmalısınız, müəyyən nailiyyətlər əldə etməlisiniz. Sevginizin əbədi olmasını istəyirsinizsə, qala divarına cızılmış ürək işarəsinin içində adların yazılması sizin sevginizi uzunömürlü etməyəcək.
Bəzən bu yazılara baxanda düşünürəm ki, görəsən, bu insanların məqsədi nədir? İstədikləri nədir, əldə etdikləri nədir? Düzü, cavab tapa bilmirəm.
Xatırlayırsınızsa, Mərdəkan qalasında da eyni vəziyyətlə qarşılaşmışdıq. İnsanlar adlarını qala divarlarına yazmaqla əbədi yaşayacaqlarını düşünürlər, yəqi. Daha fikirləşmirlər ki, bunu əcənəbilər görür, yaxşı düşüncə yaranmaya bilər. Daha düşünmürlər ki, mənim kimi azərbaycanlılar da bu yazılara baxa bilər, təəssüf hissi keçirə bilər, hətta bu yazıları yazanların ruh halına acıya bilər...
Mədəniyyət pulla satılmır ki, alasan və kiməsə hədiyyə edəsən...
İradə Cəlil, Bizimyol.info